Millidən tarixi nəticə: Dəyişiklik var, lakin… – Ekspert

Futbol üzrə Azərbaycan millisi 2022-ci ili beş ardıcıl qələbə ilə başa vurdu. Canni De Byazinin rəhbərlik etdiyi milli komanda Millətlər Liqasında Belarusu (2:0), Slovakiyanı (2:1) Qazaxıstanı (3:0) yoxlama oyunlarında isə Moldovanı (2:1), Şimali Makedoniyanı (3:1) məğlub etdi.

Milli komandanın son uğurları ilə bağlı Globalinfo.az-a danışan idman eksperti Aydın Bağırov deyib ki, 5-ci ardıcıl qələbə futbol tariximiz üçün mühüm hadisədir:

“Xüsusilə qeyd edim ki, bu qələbələr Millətlər Liqası və yoxlama oyunlarında qazanılıb. Əldə edilən qələbələrin ikisi yoxlama matçlarında olsa belə, millinin oyununda müsbətə doğru dəyişiklik sezilir.

Bizə belə milli komanda lazım deyil! - Aydın Bağırov yazır

Hesab edirəm, indiki məqamda ən əsas iş gələcək görüşlərdə də bu dinamikanı artırmaqdır. Çünki bunlar mikrouğurlardır və aldadıcı olmamalıdır. Futbolçular qətiyyən eyforiyaya qapılmamalıdırlar. Unutmayaq ki, seçmə mərhələdə rəqiblərin də, oyunların da səviyyəsi daha yüksək olacaq”.

Ekspertin sözlərinə görə, istənilən halda ardıcıl qələbələr Azərbaycan millisində daxili ab-havanın yaxşıya doğru dəyişdiyini göstərir:

“Ümumiyyətlə, bu qələbələr mediada, azarkeşlərdə milli komandaya qarşı yenidən inam yarada bilər. Yeri gəlmişkən, onu da qeyd edim ki, millinin sonuncu oyununda 3 qolun hamısını (Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramil Şeydayev) yerlilər vurub. Musa ilə Elvin isə sırf Azərbaycan futbolunun yetirmələridir və bu, onların əsas millidə ilk qolları idi”.

Turan Rzayev
Globalinfo.az