metro isti

Yay aylarında Bakı metrosundan istifadə edən minlərlə sərnişinin ən çox narazılıq etdiyi məsələlərdən biri köhnə tipli vaqonlarda kondisioner sisteminin olmamasıdır. Xüsusilə pik saatlarda vaqonlarda yaranan yüksək temperatur və havasızlıq sərnişinlərin narahatlığına səbəb olur. Son illərdə metro parkı mərhələli şəkildə yenilənsə də, kondisionersiz qatarlar hələ də istismardadır.

Bəs bu vaqonlar nə vaxt tamamilə xətdən çıxarılacaq və onları yeni nəsil qatarlar əvəz edəcək?

Globalinfo.az bildirir ki, Oxu.Az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda metropolitenin vaqon parkında 36 yeni nəsil (180 vaqon), 3-cü nəsil 33 qatar (165 vaqon) istismar olunur:

“Bütün vaqonlar texniki istismar qaydalarına uyğun olaraq saz vəziyyətdə saxlanılır, normativlər əsasında mütəmadi texniki baxış, qulluq, xidmət və təmir işlərinə cəlb edilir, təhlükəsizlik və sərnişindaşıma tələblərinə tam cavab verir”.

Köhnə tipli qatarların tamamilə istismardan çıxarılması və yeni nəsil qatarlarla əvəz olunması ilə bağlı sualımıza cavab olaraq vurğulanıb ki, 3-cü nəsil qatarlar istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş istismar müddətinə uyğun olaraq sərnişindaşıma prosesində saxlanılırlar:

“Bu vaqonların istismar müddəti 31 ildir. Bu tip sonuncu qatarın xətdən çıxarılması 2042-ci ildə baş verəcək”.

Yaxın illərdə yeni vaqonların alınması ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, vaqon parkının yenilənməsi QSC-nin inkişaf strategiyasının əsas istiqamətlərindəndir və davamlı prosesdir:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində vaqon parkının yenilənməsi davam etdiriləcək. Həmin proqrama uyğun olaraq 2030-cu ilə qədər 300-dək yeni vaqonun alınması planlaşdırılıb. Bununla əlaqədar ötən dövr ərzində dünyanın müxtəlif aparıcı istehsalçıları ilə texniki məsələlərə dair geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb. Yeni vaqonların alınması ilə əlaqədar texniki şərtlər toplusu hazırlanıb. Qanunvericiliyin tələblərinə əsasən, cari ilin sonundan istehsalçının müəyyən edilməsi prosedurlarına başlanılacaq.

Yeni vaqonların alınması yeni stansiyaların istehsalı ilə əlaqədar yaranacaq zəruri tələbata, habelə istismar müddətini başa vuran vaqonların yenilənməsinə uyğun aparılacaq. Onların 2028-ci ildən başlayaraq Bakıya gətirilməsi nəzərdə tutulub”.

Kondisionersiz köhnə vaqonlarda yay mövsümündə temperaturun azaldılması üçün hansı tədbirlər görülməsi məsələsinə gəldikdə, qurumdan qeyd olunub ki, 3-cü nəsil vaqonlar istehsalçı zavod tərəfindən layihələndirilərək tətbiq edilmiş havalandırma sisteminə malikdir:

“Bu tip qatarlarda yay mövsümü boyunca nəfəsliklərin daim açıq vəziyyətdə saxlanması təmin edilir. Bakı metropolitenində modernləşdirilən qatarlarda bir sıra müasir yeniliklər tətbiq olunur. Lakin bu vaqonlarda soyutma sistemlərinin quraşdırılması texniki cəhətdən mümkün deyil. Bununla belə davamlı yenilənmə prosesinə uyğun olaraq, hazırda vaqon parkında olan qatarların 50 faizdən çoxu artıq yeni nəsilə mənsubdur. Həmçinin yeni vaqonlar sifariş edilərkən texniki şərtlərdə onların yalnız 4-cü nəsilə mənsub olması, o cümlədən Bakının iqlim xüsusiyyətlərinə uyğun soyutma sistemləri ilə təchiz edilməsi mütləq qaydada nəzərə alınacaq”.

Paylaş: