Məmurlar milyardları ölkədən belə çıxarırlar – Ekspert oğurluq sxemini açdı

Vəzifədə olduğu müddətdə rüşvət və korrupsiya yolu ilə milyarderə çevrilən xeyli məmurun övladları Böyük Britaniyada məskunlaşıblar. Ötən gün onlardan biri – keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov haqda yazdıq.

Maraqlıdır, onlar taladıqları pulu Azərbaycandan necə çıxarıblar? Həmin milyardları geri qaytarmaq olarmı?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev deyib ki, pulları ölkədən çıxarmaq çətin deyil:

“Mülkün alqı-satqısı ilə bağlı müqavilə banka təqdim olunduqda pulları rahat şəkildə əldə etmək mümkündür. Azərbaycanda pulun mənbəyini öyrənmək kimi bir öhdəliyimiz yoxdur.

“Korrupsiya ilə mübarizə haqqında qanun”a görə, vəzifəli şəxslər, məmurlar gəlirləri və əmlakları barədə məlumat verməlidirlər. Lakin Nazirlər Kabineti bildirişin formasını hələ hazırlamadığı üçün o şəxslər də hesabat vermir. Buna görə də hansısa məmurdan avtomobilinin niyə yüz min manata olduğunu soruşa bilmərik”.

Fərhad Mehdiyev

F.Mehdiyev qeyd edib ki, məsələn, Londonda iş qurmaq üçün lazımi məbləği “sərmayə kapitalı” olaraq bank hesabı ilə göndərmək olur:

“Yenə deyirəm, Azərbaycanda əmlak və gəlir bəyannaməsi öhdəliyi olmadığı üçün “sərmayə kapitalı” olaraq göndərilən pulun mənbəyi araşdırılmayacaq. Bu yolla da həmin şəxs gedib pullarını xarici ölkədən çıxara biləcək. Digər tərəfdən də, bu adamlar əlaqələrindən istifadə edib qanundan yayına bilirlər”.

Hüquqşünasın sözlərinə görə, bu məsələləri araşdırmaq prokurorluğun üzərinə düşür:

“O adamlar mütləq araşdırılmalıdır. Dövlət satınalmalarında ciddi qanun pozuntuları var. Hətta Hesablama Palatası illik hesabat zamanı bununla bağlı kifayət qədər məlumat verir. Burada ciddi korrupsiya faktlarının olduğunu görürük”.

Zaira Akifqızı
Globalinfo.az