“Mançester”də çıxış etmiş xanım futbolçumuz: “Maraq yüksəkdir” – FOTO

Globalinfo.az Azərbaycan milli komandasının və Rusiyanın “Zenit” klubunun müdafiəçisi Nigar Mirzəliyeva ilə müsahibəni təqdim edir:

– Nigar xanım, klubunuzun son çıxışlarını necə qiymətləndirirsiniz?

– “Zenit”də hər şey qaydasındadır. Komandaya yeni transfer olumağıma baxmayaraq, özümü doğma məkanda hiss edirəm. Sanki illərdir buradayam. Peşəkar, mehriban bir kollektiv formalaşıb, infrastruktur və şərait yüksək səviyyədədir. Belə klubda olmağımdan məmnunam.

– Bu mövsüm baş tutacaq çempionatdan gözləntiniz nədir?

– Çempionat mart ayında start götürəcək. Komanda tam heyətlə məşq edir, hər kəs ciddi uğur qazanmaq üçün çalışır. Texniki, fiziki, taktiki cəhətdən ciddi məşqlər edirik.

– Hazırda fiziki durumunuz necədir?

– Fiziki durumum çox yaxşıdır. Özümü tərifləmək kimi çıxmasın, amma hər şey superdir. Sadəcə, meydanda sözümü demək qalıb.

– Futbol oynamaq üçün orada motivasiya lazımi qədərdirmi?

– Rusiyada futbola maraq yüksəkdir. Həm azarkeşlər, həm də klub rəhbərliyi lazımi dəstəyi göstərir. Mən futbolu çox sevirəm, bununla yaşayıram. Bu sevgini, istəyi günbəgün artırmağa çalışıram. Motivasiya cəhətdən hər şey qaydasındadır.

– Çatışmayan hansı cəhətlər var?

– Klubla bağlı bir söz deyə bilmərəm, amma özümdə çatışmayan cəhət görmürəm. Məncə, bu suala məşqçilər daha dəqiq cavab verə bilər.

– Bir az da uğurlarınızdan danışaq…

– İlk olaraq legioner həyatı yaşamağımı vurğulamaq istəyirəm. Məncə, bu, ciddi uğurdur. Azərbaycanı xaricdə təmsil etmək asan deyil. 9 yaşımda İngiltərənin “Mançester Yunayted” klubuna transfer olunmuşam. İlk ciddi uğurlarımdan biri məhz budur. Uzun zamandır milli komandanın şərəfini qoyuram, Rusiyanın “Rubin” klubunda da yaxşı dönəm keçirmişəm.

– Milli komandada hazırlıqlar gedirmi?  

– Milli komanda olaraq Avropa Çempionatının seçmə mərhələləri üçün ciddi hazırlaşırıq. Hədəf qələbə qazanmaq və qrupda üst pillədə yer tutmaqdır. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik.

– Qızları futbola cəlb etmək üçün hansı müsbət tərəfləri qeyd edə bilərsiniz?

– İdman gözəldir, şahı isə futboldur. Azərbaycanlı qızlarımızın istedadı varsa, niyə özlərini sınayıb dünyada adlarından söz etdirməsinlər ki?!

– Deyilənə görə, Rusiya klublarına qarşı sanksiyalar aradan qalxacaq. Siz necə düşünürsünüz?

– Çox istərdik ki, sanksiyalar aradan qaldırılsın. Etiraf edim ki, belə xoşagəlməz şəraitdə idmana motivasiya azalır. İdmanla siyasəti yan-yana tutmaq düz deyil axı. Hazırda biz ancaq daxili çempionatlarda futbol oynayırıq. Sanksiya aradan qaldırılsa, beynəlxalq yarışlarda çıxış edib həm komanda şəklində, həm də fərdi olaraq uğurlar qazana bilərik. Futbol dünya içində olan gözəl bir dünyadır.

Zaira Akifqızı
Globalinfo.az