Lukaşenko Putinin qəzəbindən qurtulmaq üçün son gedişini etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko dünən İrana səfər etdi. Səfər çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşən Lukaşenko qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə edib.

Görüşlə bağlı diqqətçəkən məqam isə dövlət başçılarının İranın Belarusa “Şahed” PUA-larını satması məsələsini müzakirə etmələridir.

Maraqlıdır ki, Lukaşenko bundan əvvəl Çinə getmiş, həmkarı Si Szinpinlə görüşmüşdü. Qarşıdakı günlərdə isə Si Szinpinin Rusiyaya səfəri planlaşdırılır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Moskva-Pekin-Tehran üçbucağında əməkdaşlıq güclənir:

“Minsk isə bu üçbucaqda daha çox vasitəçi kimi istifadə olunur. Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin müharibəyə qoşulmaq üçün xeyli vaxtdır Lukaşenkoya təzyiq edir. Belarus hələ ki, Rusiyaya müqavimət göstərir. Çünki Lukaşenko başa düşür ki, müharibəyə qoşulsa, Qərbin sanksiyaları ilə üzləşəcək. Əlbəttə, bu sanksiyalara tab gətirmək üçün Minskin resursları Moskvanınkından daha azdır.

Digər tərəfdən, Lukaşenko bilir ki, hansısa formada Putinin işinə yaramalıdır. Əks halda Belarus bu dəfə Rusiyanın “məngənəsində sıxıla bilər”.

Kənan Novruzov

Ekspert qeyd edib ki, son vaxtlar Rusiyanın İran, Çin və Şimali Koreyadan silahlar almasına dair iddialar artır:

“Bu, Rusiyaya təzyiqlərin artırılmasına səbəb olmaqla yanaşı, həm də bu dövlətin beynəlxalq aləmdəki imicini daha da azaldır. Dünyanın ikinci böyük ordusuna sahib dövlət indi başqa ölkədən silah alırsa, deməli, durumunun ağır olduğunu etiraf edir. Əgər adıçəkilən dövlətlərdən silahları Belarus alar və sonra Rusiyaya ötürərsə, bu zaman Kreml üçün problem xeyli dərəcədə aradan qalxmış olar. Beləliklə, Lukaşenko Putinin maraqlarını təmin etməklə yanaşı, həm də canını müharibəyə birbaşa qoşulmaqdan qurtara bilər. Yəqin ki, yaxın gələcəkdə dörd dövlət arasında təmaslar intensivləşəcək.

Belarus Rusiya, İran və Çin arasında vasitəçilik missiyasını uğurla yerinə yetirməklə “yaxasını kənara çəkə bilər”.

Turan Rzayev
Globalinfo.az