Lənkəranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ailənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 10-u, saat 14:08-də Lənkəran rayonu, Girdəni kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Hər birinə zəruri ilkin tibbi xidmət göstərilib, müalicələri həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, yaralılardan 4-ü azyaşlıdır.
***17:25
Lənkəranda baş verən qəzada 3-ü yeniyetmə olmaqla, 5 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı nəqliyyat vasitəsi “Mersedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Lənkəran rayonunun Havzava kənd sakinləri – 1976-cı il təvəllüdlü K.Xudaverdiyeva, 1984-cü il təvəllüdlü K.Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan K.Xudaverdiyeva və K.Əliyev vəziyyətlərinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Digərlərinin müalicələri təcili yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.