Kübra Əliyeva: “Bu gün Ofeliya öz balasını qucağına alacaq…”

“Dünən gecədən bu işlə məşğulam. Hər kəs mənə zəng edir. Bilmirəm, bir ağbirçək kimi, yoxsa Siyavuşla illərlə sənət yoldaşı olmuşuq ona görə. Heç kim narahat olmasın, heç kim də heç kimi qınamasın. Siyavuşun sənətinə sənətçilərimiz qiymət verir. Hazırda Çingiz Aslanın nəşi Təzə Pirə aparılıb, yuyulub, kəfənlənib. Anası Ofeliya xanımın yanında yer alınıb, hazırlanır. Çingiz orada dəfn olunacaq. Çingizin sağalmasında, müalicəsində Elgiz Əkbərin, Zaur Baxşəliyevin çox əməyi olub. Elgiz onu təpədən-dırnağa geyindirib, xəstəxanada onu 21 gün müalicə etdirib. Amma bilirsiniz ki, bu yolun geri dönüşü yoxdur. Allah Çingizə rəhmət eləsin…”

Globalinfo.az bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində tanınmış aktrisa, Əməkdar artist Kübra Əliyeva həmkarı Siyavuş Aslanın oğlu Çingiz Aslanın dünyasını dəyişməsi barədə danışarkən deyib.

“Vallah, o, şəxsiyyət kimi bir şəxsiyyət deyil. Çingiz böyük şəxsiyyətimizin adını batıran bir övlad oldu. Bütün bunlara baxmayaraq, layiqincə dəfn olunur. Teatra yeni təyin olunmuş direktor əvəzi İlhama minnətdaram. Şəxsən özü ilə danışmışam. Gecə saat 3-ə qədər ATV-nin rejissoru Əli Novruzəliyevlə danışmışam. Deyib ki, Kübra xanım, nə edək? Amma səhər məlumat istəyirdim ki, yardım edək, yığışaq. Heç kimə ehtiyac olmadı. Teatrın direktoru İlham və qrup müdiri Elnur məni sevindirdilər. Dedilər ki, narahat olmayın, artıq cənazə yuyulub, kəfənlənib. Elə bilirdim, kimsəsizlər qəbiristanlığında basdıracaqlar, amma Çingiz anasının yanında dəfn olunacaq. O, Ofeliyanın sevdiyi övladı idi. Bu gün Ofeliya öz balasını qucağına alacaq…”, – deyən Kübra Əliyeva göz yaşlarını saxlaya bilməyib.