Kılıçdaroğlu ilə bağlı bu fakt Türkiyə seçkilərinin taleyini həll edə bilər

Türkiyədə seçkilərin vaxtı azaldıqca yeni müzakirə mövzuları ortaya çıxır. Həmin mövzulardan biri də hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın rəqibi Kamal Kılıçdaroğlunun ələvi olması ilə bağlıdır.

Bəzi ekspertlər hesab edir ki, Kılıçdaroğlunun ələvi olması seçkilərə onun qələbə qazanmasına mane yaradacaq.

Maraqlıdır, bu fikir nə qədər doğrudur? Türkiyə tarixində qeyri-sünnü siyasətçi ölkə başçısı olmayıb?

Hüsamettin İnanc

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnanc deyib ki, Türkiyə qurulduğu gündən etibarən təəssüf ki, sünnülük-ələvilik, sağ-sol, mühafizəkarlıq-dünyəvilik türk-kürt kimi problemlər ilə üzləşib:

“Hansı ki, xarici güclər bu görüş fərqliliklərindən istifadə edərək daxili sabitliyi pozmaq və cəmiyyəti qütbləşdirərək qarşı-qarşıya qoymaq kimi planlar icra etməyə çalışıb.

Misal üçün, Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrinin getdiyi 2000-ci illərdə Aİ yayımladığı hesabatlarda ələviliyi ayrı bir din, cem evlərini (Ələvilərin bir araya toplaşdığı məscid bənzəri məkan) isə dini məbəd kimi təqdim edirdi.

Şükürlər olsun ki, geridə qoyduğumuz bir əsr ərzində türk xalqı bütün kənar təsirlərə baxmayaraq müəyyən vaxt içərisində yaşamağı bacarıb. Bunun ən bariz nümunəsi isə şübhəsiz Türkiyənin baş naziri, prezidenti olan şəxslərin fərqli din, məzhəb və etnik kimliyə mənsub olmasıdır. Misal üçün İsmet İnönü, Turqun Özal kürd olublar.

Kamal Kılıçdaroğluna gəldikdə isə, bəli, o özünü kürd və ələvi olaraq tanıdır, ancaq bu o demək deyil ki, ona qarşı bir ayrı-seçkilik var. Müqayisə üçün deyim ki, AKP daxilində də ələvi, kürd, hətta erməni əsilli millət vəkilləri var.

Kılıçdaroğlunun seçkiləri qazanması zəif ehtimaldır, lakin bu onun kürd və ya ələvi olması ilə bağlı deyil. Kılıçdaroğlu açıq-aşkar PKK-nı himayə edir, türk milliyyətçiliyini məhv edir, Atatürk ideallarını sıradan çıxarmaq istəyir. PKK-nın 30 ildə silah gücü ilə edə bilmədiyini Kılıçdaroğlu siyasət yolu ilə etmək istəyir”.

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli isə deyib ki, Türkiyə siyasəti həm etnik baxımdan, həm də dini görüş baxımından rəngarəngdir:

“Türkiyə parlamentində fərqli partiyalara mənsub kürd, türk, erməni, laz, çərkəz, zaza kimi fərqli etnoslara, ələvi, sünnü, şiə kimi fərqli dini inanca mənsub deputatlar var. Qeyd etdiyim etnoslar və dini inanclar Türkiyə cəmiyyətinin reallığıdır. Bu reallıq hər zaman nəzərə alınıb, bu gün də alınır.
CHP rəhbəri Kamal Kılıçdaroğlu da kürd və ələvidir. Bu fərqlilik onun seçkilərdə şansını azaltmır. Kılıçdaroğlunun seçkilərdə qələbə qazanacağını düşünməsəm də şanları da az deyil. Türkiyə siyasəti dəyişkəndir. Seçkilərə qədər CHP-ni də keçə bilər. Lakin namizədlərin şansları onların etnik və dini fərqlilikləri ilə heç də əlaqəli deyil”.

Turan Rzayev
Globalinfo.az