Jurnalistlərin evi tikilib, amma mənzilləri verilmir – Qurum rəhbəri ümidli danışdı

Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan bir qrup jurnalist Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə jurnalistlər üçün tikilmiş üçüncü binada mənzillərin bölünərkən Qarabağ müharibəsi veteranı, əlili və şəhid ailəsi üzvü olan jurnalistlərin də nəzərə alınması xahiş edilib.

Müraciət edən mətbuat nümayəndələrindən biri olan, şəhid ailəsi üzvü, Unikal.az Xəbər Portalının baş redaktoru Zaur Əhməd Globalinfo.az-a bildirib ki, mövcud vəziyyətdə jurnalistin ev alması çətin məsələdir:

“Öncə onu qeyd edim ki, hər bir vətəndaşın öz mənzilinin olmasını arzulayıram. Jurnalistlər də bu ölkənin vətəndaşlarıdır və onların da ev sahibi olmağa haqqı var. Təəssüf ki, hazırkı şərtlərdə jurnalistlərimizin böyük əksəriyyətinin ev almaq üçün maddi imkanı yoxdur. Mediada orta aylıq əməkhaqqı bəllidir və bununla ev almaq müşkül məsələdir. Bu mənada Prezidentin sərəncamı ilə jurnalistlərə mənzil verilməsi ideyası və təşəbbüsü təqdirolunandır. Mədəniyyət xadimlərinə, fərqli sahələrdə çalışan ayrı-ayrı seçkin insanlara dövlət tərəfindən ev verilməsi müsbət haldır.
Doğrudur, “nəyə görə jurnalistlərə ev verilməlidir?” sualını verənlər də var. Mən bu mövqedə olanların fikirlərinə hörmətlə yanaşıram. Amma jurnalist öz dövlətindən mənzil alırsa, burada qəbahət yoxdur. Zatən hamımız bu və ya digər formada bu dövlətin vətəndaşı olmaqla yanaşı, bu dövlətin əsgəriyik, xidmətindəyik. Hesab edirəm ki, bu mənzillər də hər hansı bir formada müəyyənləşmiş şərtlər əsasında məhz jurnalistlərə verilməlidir”.

Zaur Əhməd: “Milli Məclisə xalqın haqqını istəməyə gedirəm” » Reyting.az

Z.Əhməd sözügedən binanın məqsədinə uyğun olaraq jurnalistlərə verilməsinin daha doğru olduğunu qeyd edib:

“Bu günlərdə dostlar dedilər ki, bir qrup şəhid ailəsi üzvü, qazi, müharibə iştirakçısı olan jurnalistlər Prezidentə müraciət ünvanlamaq istəyirlər. Etiraz etmədim və qoşuldum. Xüsusi qeyd edim ki, mən sözügedən binada olan mənzillərin hamısının jurnalistlərə verilməsinin tərəfdarıyam. Birincisi, o bina ölkə başçısının sərəncamı ilə məhz bu məqsəd üçün tikilib və inanıram ki, həmin evlər jurnalistlərə veriləcək. İkincisi, o binadan mənə də ev veriləcəksə, bunun jurnalist olduğum üçün verilməsini istəyirəm. Xüsusi imtiyazlı ailənin təmsilçisi olmağım şəxsən mənim üçün ancaq qürur yeridir, vəssalam. Nəyə görə belə bir müraciətə imza atmışam? Düşünürəm ki, jurnalistlər üçün tikilən binanın həmkarlarıma verilməsi məsələsinin müxtəlif müstəvilərdə gündəmə gətirilməsi vacibdir. Çünki artıq bina çoxdan hazır olsa da, mənzillərin nə zaman paylanacağı barədə konkret qərar yoxdur.
Hesab etdik ki, bəlkə məsələni bu kontekstdə qaldırsaq, prosesin sürətlənməsinə yardımçı olarıq. İnanıram ki, bu məsələ qısa müddətdə öz həllini tapacaq, hörmətli Prezident, cənab Ali Baş Komandan bu məsələnin yekunlaşması üçün lazım olan tapşırığı verəcək”.

Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Globalinfo.az-a açıqlamasında başqa müraciətlərin də olduğunu bildirib:

“Bu müraciətdən xəbərimiz var. Daha öncə də 200-ə yaxın jurnalist bu mövzuda müraciətlə çıxış etmişdilər. Həmçinin ayrı-ayrı media nümayəndələri həm Mətbuat Şurasına, həm də sədr olaraq mənə birbaşa müraciət ünvanlayırlar, maraqlanırlar. Məsələ bizim diqqətimizdədir. Bu mövzuda jurnalistlərin xeyrinə qərarlar qəbul edilməsini arzu edirik”.

Qeyd edək ki, bir müddət əvvəl Prezidentin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş 3-cü binanın şəhid ailələrinə və müharibə əlillərinə verilməsi təklif edilmişdi.

Ayşən Mustafa
Globalinfo.az