İTV: “Avroviziya-2023″dəki dəyişikliklər Azərbaycana görə deyil”

“Avroviziya-2023” mahnı müsabiqəsinin səsvermə prosesində əsaslı dəyişiklik edilib. Belə ki gələnilki müsabiqənin yarımfinal mərhələsinin səsvermə prosesində yalnız tamaşaçılar iştirak edəcək.

Bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətindən Globalinfo.az-a bildirilib ki, dəyişiklik barədə Azərbaycan tərəfi günahlandırılmır.

“Bu, müsabiqə təşkilatçılarının səsvermə qaydalarını dəyişdiyi ilk hal deyil. Mütəmadi olaraq, yeniliklər baş verir, yeni qaydalar əlavə edilir, köhnəlmiş normalar aradan qaldırılır. Bu, müəyyən vaxt müddəti ərzində baş verən dinamik bir prosesdir. Biz təşkilatçıların müsabiqəni daha müasir, maraqlı və qlobal etmək cəhdlərini normal və təbii hesab edirik. Nə rəsmi press-relizdə, nə də yayımçılar üçün təqdimatda Azərbaycanın adı çəkilir. Ümumiyyətlə Azərbaycan tərəfi rəsmən nədəsə günahlandırılmır”, – məlumatda qeyd olunub.