İstehsal yaşı 10 ildən çox olan avtomobillərin taleyi necə olacaq? – AÇIQLAMA

“Bildiyiniz kimi, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycan ərazisinə gətirilməsinə qadağa qoyulub. Əslində, bunun həm müsbət, həm də mənfi tərəfləri var”.

Bunu Globalinfo.az-a nəqliyyat eksperti Rövşən Həsənov deyib.

O, qərarın müsbət və mənfi tərəflərini belə izah edib:

“Müsbət tərəfi odur ki, Azərbaycanda avtomobil parkları yenilənəcək, köhnə avtomobillərin tədricən sayının azalması ilə yanaşı ekologiyaya vurulan ziyanın qarşısı alınacaq, istismara yararsız olan nəqliyyat vasitələri də xeyli azalmış olacaq. Bununla yanaşı, elektrik və hibrid avtomobillərinin sayı çoxalacaq”.

Rövşən Həsənov

Ekspert deyib ki, sahiblərin köhnə avtomobilləri təhvil verib, yenisini əldə etmə imkanı məqsədə uyğun olar:

“Bu mexanizm hələ işlədilməyib, qanunvericilik baxımından burada bir balaca boşluqlar var. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Ən azından köhnə avtomobil sahibləri onu utilizasiya edə bilsinlər. Bu elə bir formada həyata keçirilməlidir ki, qarşı tərəfin hüquqları tapdalanmasın. Yəni köhnə nəqliyyat vasitəsinin sahibi avtomobilini təhvil verə və müəyyən güzəşt nəticəsində yenə avtomobilə sahib ola bilsin”.

R.Həsənov Avropada bir neçə ilə bəzi avtomobillərdən imtina ediləcəyini bildirib:

“Bildiyiniz kimi, Avropada 2035-ci ilədək benzin və dizellə çalışan avtomobillərdən imtina edilməsi nəzərdə tutulub. Həmin nəqliyyat vasitələrinin də Azərbaycana gətirilməsinə kifayət qədər təsiri olacaq. Düşünürəm ki, Azərbaycan bundan yan keçməyəcək. Hətta qismən qarşısını alsaq belə, yenə bu prosesdən qaçmaq mümkün olmayacaq. Çünki on il dedikdə, daha yeni modellərin Azərbaycana daxil olması nəzərdə tutulur”.

Zaira Akifqızı
Globalinfo.az