elnur erkin 12

1 Fevral tarixində Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın telefon danışığı olub. İranla gərginlik fonunda nazirlərinin danışığının ictimailəşməsi olduqca mühüm mesajdır.

Xatırladaq ki, Y.Qallant ötən ilin oktyabr ayında Bakıya gəlmişdi. Onun səfəri Türkiyə müdafiə naziri Hulusu Akarın səfəri ilə eyni günə təsadüf etmişdi.

Əslində İsraillə Azərbaycanın hərbi sahədə geniş əməkdaşlığının olması 44 günlük Vətən müharibəsində də özünü göstərdi.

Müharibədən sonrakı mərhələdə isə bunun davam etməsi yaxşı haldır.

Maraqlıdır, İsrail-Azərbaycan əməkdaşlığı indiki mərhələdə İrana qarşıdır, yoxsa daha ciddi perspektivlərə hesablanıb?

İranın parçalanmasından və ya ehtimal bir rejim dəyişikliyidən sonrakı mərhələ nəzərə alınır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, illər ərzində Azərbaycana keçmiş Dağlıq Qarabağ münaqişəsinin hərbi həll variantının mövcud olmadığını diktə etməyə çalışan qüvvələr həm də diplomatik masada bizə mane olmağa çalışır, gizli sövdələşmələr aparırdılar:

“Azərbaycan süni yaradılmış bu tabunu qırmaqdan ötrü xarici siyasətin güclü alətlərindən biri olan silahlı qüvvələrin gücləndirilməsini qarşıya hədəf qoydu. Onu da etiraf edək ki, bu sahənin gücləndirilməsi böyük xərclər tələb edib, risklər daşıdığı qədər, həm də güclü diplomatik sövdələşmələrdən keçirdi.

WhatsApp Image 2023 02 02 at 18.12.03

Şəbnəm Həsənova

Azərbaycan illər ərzində İrana dəfələrlə bildirdi ki, İrana müdaxilə etmək baxımdan Azərbaycanı meydan kimi istifadə etmək üçün üçüncü tərəflərə icazə verməyəcək. El dili ilə desək, qaşınmayan yerdən qan çıxarmağa çalışan İran oldu. Həm də bu qançıxartma meylini ideoloji, dini amillərlə bəzəyərək cəmiyyətimizə zərərli toxumlarını səpmək istədi.

Xarici media resurslarına verdiyi müsahibələrin birində cənab Prezident İlham Əliyev haqlı olaraq bildirmişdi ki, niyə Azərbaycanın Türkiyə müdafiə sənayesindən yararlandığı qabardılır? Biz axı həm də Rusiyadan, İsraildən də silahlar alırıq. Yəni burada yeni heç nə yoxdur.

O ki qaldı münasibətlərin İsrail-Türkiyə-Azərbaycan üçbucağında irəliləməsinə, məlum məsələdir ki, Türkiyə və Azərbaycan xarici siyasətdə atdığı və atacağı addımları sinxron şəkildə realizə edir. Üstəlik İsrail-Türkiyə münasibətlərinin əsasını təşkil edən hərbi komponent də yeni deyil. İkitərəfli Azərbaycan-İsrail hərbi və müdafiə sənayesi əməkdaşlığı da vakuumda yaradılmayıb və buna indi başlanılmayıb”.

NETANNN

Politoloq hesab edir ki, İsrail-Azərbaycan münasibətləri də daxil olmaqla Azərbaycanın xarici siyasət kursunun genişlənməsi və riskləri minimuma endirməklə silahlı qüvvələrin gücünün trayektoriyasını genişləndirməsi zərurətdən doğan reallıq olduğu qədər, həm də təbiidir:

“Yəni heç bir qüvvəyə qarşı yönəlməyib. Belə olmasa idi, müharibədən dərhal sonra aramızdakı körpünün dostluq olduğunu ən ali səviyyədə nəzərə çatdırmazdıq. Belə olmasa idi, regional əməkdaşlıq platformaları ilə çıxış etməzdik.

Bu gün mülki və hərbi sahənin bir-birinə qarışması müasir təhlükəsizlik mühitinin mühüm hissəsinə çevrilib. Mülki-hərbi əməkdaşlıq şəraitində mülki mühit və hərbi qüvvələr arasında münasibətlərin dərinləşdirilməsi ölkələr arasında münasibətlərin inkişafına güclü təkan verir.

İranın milli təhlükəsizlik siyasəti addımlarını öz maraqlarını təmin etməkdən kənara qoyur, daha çox imperialist hədəflərə fokuslanır. İran işğalçıya dəstək olmaqdan, qorxutmaqdan, ətrafa təhdid saçmaqdan çəkinmir. Daha geniş məqsədə nail olmaq üçün regional qarşıdurmalara, münaqişələrin qızışdırılmasına gedir.

Məsələn, İrandakı dini fundamentalistlər bir sıra hallarda, xüsusən İsrail-Fələstin münaqişəsinin sülh prosesi çərçivəsində, Yaxın Şərqdə də mübahisələrin sülh yolu ilə həllinə maneə olmağa çalışıblar. İran terrorizmin aparıcı, ən fəal dövlət sponsoru kimi beynəlxalq terror aktları həyata keçirir. İran qlobal müharibəni alovlandırmaqdan ötrü bölgədəki tərəfdaş hökumətlərə, bəzi müttəfiq subdövlət subyektlərinə təlimin, silahlandırmanın və terror yardımının göstərilməsini dayandırmalıdır. İran bədxah fəaliyyətlərinə don geyindirməyə son qoymalı, digər xoşagəlməz davranışlarını dəyişdirməlidir”.

Ş.Həsənova bildirib ki, İran Azərbaycana maksimum təzyiq etmək üçün terrora əl atdı:

“Silahlı qüvvələrin gücləndirilməsi, Azərbaycanın müttəfiqlərinin sayını və etibarlı ölkələrin siyahısını artırması nəinki İrana, heç bir aktora qarşı deyil. Bunu hər bir regional aktor dərk etməli, regional əməkdaşlığın gətirə biləcəyi iqtisadi dividentləri düzgün dəyərləndirməlidir. Sadəcə qorxu ondan ibarətdir ki, Azərbaycan daha da güclənəcək. Bunun isə qarşısı alına bilməz. Əldə etdiyimiz Zəfər, Zəfərdən sonra diktə etdiyimiz reallıq İranın, Ermənistanın pozucu əməllərinin deyil, illərlə yürüdülən uğurlu siyasətin səmərəli məhsuludur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: