İranın yeni Zəngəzur hədəfi – Bakı ilə mühüm razılaşma imzalandı

Iran azerbaycan 123

Mövcud geosiyasi vəziyyətdə Tehranda Azərbaycanın Xarici İşlər Nazirliyi və İranın Xarici İşlər Nazirliyi arasında keçirilən növbəti konsulluq məsləhətləşmələri diqqət çəkib. Müzakirələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Son günlərdə Bakı və İran arasında müxtəlif istiqamətlərdə danışıqların aparıldığı müşahidə olunur. İqtisadiyyat və logistika sahələri üzrə müzakirələr keçirilir, həmçinin kommunikasiyaların açılması və Zəngəzur dəhlizinə alternativ olan yolla bağlı irəliləyiş müşahidə edilir.

Tehranda baş tutan məsləhətləşmələr nədən xəbər verir? İranla münasibətlərdə hansı yeniliklər ola bilər?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, ilk növbədə bu tip görüşlərin, xüsusilə qonşu ölkələr arasında diplomatik protokolda müntəzəm xarakter daşıdığını qeyd etmək lazımdır:

“Burada dövlətlərarası əlaqələrin texniki məsələləri müzakirə olunur. Nəzərə almaq lazımdır ki, son dövrlər Bakı-Tehran xəttində münasibətlərin normallaşması istiqamətində ciddi cəhdlər müşahidə edilir. Səfirlik böhranı, sərhəd hadisələri və İran tərəfinin Zəngəzur dəhlizi mövzusunda qeyri-adekvat mövqeyi ilə müşayiət olunmuş gərgin mərhələdən sonra diplomatik təmasların artdığını, eləcə də qarşılıqlı etimadın bərpasına yönəlmiş addımlar atıldığını görürük. Diplomatik və konsulluq məsləhətləşmələri də bu prosesin bir hissəsidir.

vuqar ziferoglu 2323
Vüqar Zifəroğlu

Azərbaycanın bölgədə yaratmaq istədiyi yeni kommunikasiya xətləri, xüsusən də Zəngəzura alternativ marşrut olan Arazboyu yol (Ağbənd-Mehri-Ordubad) həm regional, həm də beynəlxalq aktorların maraq dairəsindədir. İran bu marşrutdan fayda götürmək, regiondakı iqtisadi və siyasi çəkisini artırmaq istəyir. O baxımdan konsulluq məsələləri fonunda iqtisadi əməkdaşlığın dərinləşməsi də gündəmə gələ bilər.

İran və Azərbaycan son vaxtlar Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində yeni körpü tikintisi və digər logistik layihələr barədə razılaşmalara imza atıblar. Bu layihələrdə texniki və hüquqi məsələlərin (vizalar, miqrasiya, işçi qüvvəsinin keçidi və s.) həlli üçün konsulluq əməkdaşlığı zəruridir”.

Turan Rzayev
Globalinfo.az