HCSWe2cbcAA2RPq

Martın 4-də İrandan Türkiyəyə atılan ballistik raket NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildi. Hadisədən dərhal sonra İranın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və ona etiraz notası təqdim edildi.

Həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə əlaqə saxlayaraq Ankaranın narahatlığını çatdırdı. Türkiyənin müdafiə naziri Hulusi Akar hədəfin NATO-nun İncirlik hərbi bazası olduğunu bildirib. Maraqlıdır ki, daha əvvəl İran rəsmisi ABŞ hərbi bazaları sırasında İncirlik bazasının da hədəf kimi göstərildiyi bir xəritəni paylaşmışdı.

Türkiyə ilə gərginlik İran üçün nə vəd edir? Belə bir hücum uğurlu olarsa, NATO-nun 5-ci maddəsi aktivləşdirilə bilərmi?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, NATO tərəfindən zərərsizləşdirilən ballistik raket parçasının Türkiyəyə düşməsi ciddi bir qırılma nöqtəsidir:

“Əsasən NATO-nun birbaşa hərəkətə keçməsi və bu silahı zərərsizləşdirməsi xoş niyyətli fəaliyyət kimi dəyərləndirilmədi. Çünki bu addım Türkiyəni münaqişəyə cəlb edə bilərdi. Raketlərin əslində İraqa atıldığı ilə bağlı fikirlər səsləndirildi. İran hücumlar zamanı Türkiyə hava məkanından istifadə etməyə çalışdığı üçün raket NATO tərəfindən vuruldu. Əgər müdaxilə edilməsəydi, raket İraq ərazisinə düşəcəkdi.

İraqa həm İran, həm də ABŞ hücum edir. Bu, yaxın zamanlarda İranda əməliyyatlara başlanması üçün İsrail və ABŞ tərəfindən PKK/YPG qruplarının dəstəklənməsinə dair məlumatlarla bağlıdır.

husamettin inanc
Hüsamettin İnaç

NATO-nun həmin ballistik raketi zərərsizləşdirməsi Türkiyə ilə bağlı pis niyyətindən xəbər verir. Gələcəkdə İrana qarşı hər hansı əməliyyatda Türkiyə ərazisindən istifadə ilə bağlı icazə istənilə bilər. Lakin Ankaranın mövqeyi aydındır: indiyədək heç bir münaqişədə İrana qarşı tərəf olmayıb və rəsmi Tehran əleyhinə yaradılan koalisiyada iştirak etməyib.

Bu gün İranın Türkiyəni vurması üçün heç bir səbəb yoxdur. Çünki rəsmi Ankara Tehranın maraqlarını qorumaq və müharibənin başlamaması üçün hər cür addımı atıb. İranla Türkiyə qarşıdurma yoxdur. Türkiyə molla rejimini dəstəkləmir, amma İran xalqının daim yanındadır”.

Politoloq Bakir Həsənbəyli isə deyib ki, ABŞ-İran münaqişəsi, Rusiya-Ukrayna münaqişəsindən fərqli olaraq tükəndirmə deyil, zəiflədərək tabe etmə siyasətinə əsaslanır:

“Əslində, son 5 ilin münaqişələrində ABŞ-ın yürütdüyü siyasət qurmaq istədiyi təkqütblü dünya projesi üçün ən böyük maneə olan Çinin iqtisadi imperiyasını dağıtmaqdır. Məsələyə bu müstəvidən yanaşanda ABŞ-ın daxil olduğu bütün münaqişələrdə məhz sözügedən amil əsas götürülür. ABŞ hərbi donanmasının 1/3-ni İran ətrafına toplamaqla teokratik rejimin Çinlə ticari münasibətlərini əngəlləməyi planlayır. Rəsmi Vaşinqton Çinlə bütün ticari əməliyyatlarını özünün nəzarəti altında həyata keçirilməsini istəyir. İrana qarşı əməliyyatların əsas məqsədi də budur.

Məsələn, ABŞ-ın İrana irəli sürdüyü tələblərdə rejimin reform edilməsi məhz 4-cü məsələ idi. Lakin elə ilk danışıqlarda İran nümayəndə heyəti digər maddələri də özünün həssas nöqtəsi hesab etdiyi anda ABŞ 4-cü bəndi məqsədli şəkildə 1-ci bənd kimi masaya gətirdi. İran tərəfi səhv etdiyini anlamağa zaman tapmadan ABŞ İsrailin təkidi ilə əməliyyatlara start verdi. Vaşinqton rejim rəhbərini ilk gündən zərərsizləşdirməklə Tehrana, “səndən sonrakı ilə anlaşa bilərəm”, -mesajını verdi. Cavabında İran İsrailin paytaxtı ilə paralel Körfəz ölkələrinə də raket atışı həyata keçirdi. Əslində, ilk baxışdan bu hadisə İranın yanlışı kimi qiymətləndirilə bilər. Lakin İranın Körfəz ölkələrinə raket hücumlarında məqsədi iqtisadi mərkəzləri susdurmaq və ya oyundan çıxrmaq idi. Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Körfəz ölkələri ilə əldə etdiyi trilyon dollarlıq razılaşmalar rəsmi Vaşinqtonun iqtisadi imkanları ilə bərabər hərbi imkanlarının da artması anlamına gəlir”.

bakir hesenbeyli
Bakir Həsənbəyli

Politoloq bildirib ki, İran ABŞ-ın çətiri altında olan Körfəz ölkələrinə hücum edərək həmin müqavilələrin taleyini sual altına almaqla paralel, “ABŞ çətiri sizin təhlükəsizliyiniz üçün yetərli deyil, bir daha düşünün”, – mesajı verir:

“Əslində, Tehran istəyinə qismən də olsa, nail oldu. Artıq bəzi Körfəz ölkələrində çatlaq səslər eşidilməkdədir. Vaşinqtonun müttəfiqlərini qorumaqda elə də maraqlı olmamasının özəl səbəbləri var. ABŞ kifayət qədər bahalı olan bu münaqişədən az maliyyə və hərbi sursat itkisi ilə qurtulmaq istəyir. Laqeyidlik göstərməklə topu Körfəz ölkələrinin qapısına ötürür. Yəni siz döyüşün mən bir müddət sonra orbitir olacam. İranın Türkiyəyə raket atması isə ilk baxışdan Tehranın sanki intihar etmək istəyinin göstəricisidir. Lakin bu da belə deyil. Teokratik rejimin münaqişənin daha geniş areala yayılmasını təşkil etməkdə məqsədi özünü qismən də olsa, zərbə müstəvisindən uzaqlaşdırmaqdır. Bu, İranın mövqeyindən baxdıqda doğru addım kimi görünsə də, ölkə olaraq seçim yanlışdır. Türkiyə ABŞ-dan sonra NATO-da ikinci əsas qüvvədir. Kifayət qədər müasir silah arsenalına sahibdir. Digər bir tərəfdən bu münaqişədə sülh istiqamətində yeganə nəticə ala biləcək dövlətdir. Hiss olunur ki, İranda hərbi-siyasi rəhbərliyin zərərsizləşdirilməsindən sonra vahid hərbi-siyasi-diplomatik xətt yoxdur. Atılan addımlar hisslərə uyğunlaşdırılır. Türkiyəyə hücum nəticəsində NATO-nun 5-ci maddəsinin işə düşüb-düşməyəcəyi məsələsinə gəldikdə isə, Alyans və Ankara rəsmilərinin belə bir addıma ehtiyacı duyulmadığı barədə həmfikir olduqlarına dair xəbərlər yayıldı. Hazırkı vəziyyətdə İranda konkret söz sahibi olan şəxsin kimliyi elan edilməlidir. Əks halda, İran tərəfinin xaotik siyasəti hərbi qarşıdurmanın daha ciddi fazaya daxil olması ilə nəticələnəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: