İlham Əliyev Moldova Prezidenti ilə görüşdü — FOTOLAR / VİDEO

Mayın 31-də Kişniyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.

Globalinfo.az xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik etdi.

“Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirdi.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edildi, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunuldu, əlaqələrimizin perspektivləri müzakirə olundu.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edildi.

Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulandı.

Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirdi.

Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfər edib.

Globalinfo.az xəbər verir ki, Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını rəsmi şəxslər qarşılayıblar.