5c14239e fa93 4bdd 92f1 cdef3cd1

İran Prezidenti Məsud Pezeşkian hakimiyyətə gələndən dərhal sonra HƏMAS və “Hizbullah” liderləri öldürüldü. İddia edilir ki, “Hizbullah” lideri Həsən Nəsrullahın aradan götürülməsində İranın rolu var. Tehranın İsrailə qarşı “hərbi sükutu” məhz bununla əlaqələndirilir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Pezeşkian hakimiyyətə gəldikdən sonra İsrailin İranın həm daxilində, həm də xaricdəki mövqelərinə qarşı hücumları genişlənib və Tehranın nüfuzunu aşağı salan nəticələrə gətirib çıxarıb:

“Haniyənin Tehranın ən möhkəm qorunan məhəlləsində öldürülməsi və “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail tərəfindən aradan götürülməsindən sonra mütəxəssisləri bir sual maraqlandırır: İran niyə sakitliyini pozmur? İranın cavab zərbəsi endirməsi üçün İsrail daha nə etməlidir?

İranın İsrailə cavab zərbəsi endirməməsinin bir neçə amili vardır:

Strateji hesablama: İran tez-tez regionda uzunmüddətli strateji oyun qurmaqla məşğuldur. Dərhal cavab vermək və ya sərt bəyanatlar vermək, İranın arxasında dayana bilməyəcəyi daha böyük bir münaqişəyə səbəb ola bilər. İran səssiz qalmaqla növbəti addımını diqqətlə hesablamaq üçün zaman əldə edir.

Beynəlxalq təzyiq: İranın İsrailə cavab zərbəsi genişmiqyaslı müharibəyə səbəb ola bilər və bunun nəticəsində başda ABŞ olmaqla, İsrailə yardım üçün yaradılan koalisiyanın hücumuna məruz qala bilər. Bu ssenaridə susmaq, gərginliyi idarə etmək və sanksiyalara ya da hərbi hərəkətlərə səbəb olmamaq cəhdi də özünü göstərə bilər.

Daxili problemlər: İranın daxili siyasi və iqtisadi problemləri onun xarici reaksiyalarına təsir edə bilər. Əgər ölkə əhəmiyyətli daxili problemlərlə üzləşirsə, rəhbərlik Nəsrullah kimi əsas müttəfiqi aradan qaldırılmasına baxmayaraq, dərhal regional münaqişəyə qarışmaqdan çəkinə bilər.

elimusa heyderov

ABŞ-la ayrı razılaşma: İranla ABŞ arasında İsrailə hücum etməmək barədə razılıq əldə olunması ilə bağlı şübhələr var. İran ABŞ-a noyabr seçkilərinə qədər İsraillə müharibəyə girməmək barədə razılıq verib, bunun müqabilində noyabr seçkilərindən sonra Demokratlar hakimiyyətdə qalarsa, İranla nüvə proqramı və sanksiyaların götürülməsi barədə danışıqların başlanacağı vəd olunub.

Regiondakı digər qüvvələrin dəstəksizliyi: Məlum olduğu kimi, İrandan başqa heç bir regional ölkə İsrailə qarşı ciddi tədbirlər görməyi düşünmür. İranı dəstəkləyən dövlətlərin olmaması onu meydanda tək buraxa bilər.

Proksi dinamikası: İran “Hizbullah”ı regionda proksi kimi dəstəkləyir. Nəsrullahın qətlindən sonra İran açıq bəyanatlar vermək və ya dərhal cavab tədbirləri görməkdənsə, “Hizbullah”ın daxili dinamikasını idarə etməyə və ya rəhbərlikdə keçid prosesini təmin etməyə daha çox diqqət yetirəcək.

Gizli qisas: İranın açıq şəkildə reaksiya verməkdənsə, daha gizli və ya gecikmiş cavabı seçməsi mümkündür. Bu, İranın keçmişdə İsrail və ya Səudiyyə Ərəbistanı ilə qarşıdurmalarda istifadə etdiyi strategiyaya uyğun gəlir.

İranın HƏMAS və “Hizbullah” liderini məqsədyönlü şəkildə qurban verməsi inandırıcı deyil. Çünki Haniyə və Nəsrullahın bu səviyyəyə çatdırılması üçün İslam dövləti uzun illər və milyardlarla vəsait xərcləyib. Yeni Haniyə və Nəsrullahı yaratmaq ona yenidən müyəssər olacaqmı? Xeyr!”

Turan Rzayev
Globalinfo.az

Paylaş: