
Gürcüstanda parlament seçkilərində seçici aktivliyi 41,62 faizə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.
Qeyd olunub ki, saat 15:00-dək 1 milyon 454 min 837 seçici səsvermə hüququndan istifadə edib. Ən böyük seçici aktivliyi Tbilisidə (437 426) qeydə alınıb. Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartlidə 142 851 nəfər səs verib.
***15:28
Gürcüstanda parlament seçkilərində səs vermək üçün günortaya qədər səsvermə məntəqələrinə 776 726 seçici gəlib ki, bu da ümumi seçicilərin 22,22 faizini təşkil edir.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadla məlumat verib.
MSK-nın məlumatlarına əsasən, ən yüksək aktivlik Raça-Leçxumi bölgəsində qeydə alınıb, burada seçicilərin 31,15 faizi səs verib, ən aşağı göstərici isə Acara bölgəsində müşahidə olunub — 19,83 faiz.
Regionlar üzrə iştirak nisbəti belədir: Tbilisi — 23,18 faiz, Kaxeti — 23,89 faiz, Mtsxeta-Mtianeti — 23,53 faiz, Kvemo Kartli — 21,86 faiz, Samtsxe-Cavaxeti — 22,04 faiz, İmereti — 22,01 faiz, Quriya — 21,13 faiz.
Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.
Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.
Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.
Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.
Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.
Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.
***11:14
Gürcüstanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermənin ilk iki saatında seçici fəallığı 9,27% təşkil edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan MSK məlumat yayıb.
Artıq 324 197 nəfər səs verib.
***09:04
Gürcüstanda həlledici parlament seçkilərinə start verilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələrinin qapıları açılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, gün ərzində qeydə alınmış 3 508 294 seçici öz hüququndan 3 111 seçki məntəqəsində istifadə edə biləcək. Bundan başqa Gürcüstan vətəndaşları Azərbaycan da daxil olmaqla 42 ölkədə yaradılmış 67 seçki məntəqəsində səs verə bilərlər. MSK-nın məlumatına görə, bu il təxminən 135 min seçici ilk dəfə səsvermə hüququndan istifadə edə biləcək.
Seçkilər Gürcüstanda ilk dəfə olaraq elektron səsvermə yolu ilə keçiriləcək. Seçicilər səslərini seçki məntəqələrində bülletenləri təsdiqləyən və sayan elektron maşınlar vasitəsilə verəcəklər. Məlumata görə, elektron səsvermə seçicilərin təxminən 90%-ni əhatə edəcək. Bu ilki seçkilərin monitorinqi üçün 100 yerli, 60 beynəlxalq müşahidə missiyası qeydiyyatdan keçib. Seçkiləri Azərbaycan da seçkilərə müşahidə missiyası göndərən ölkələr sırasındadır.
Milli Məclisin məlumatına görə, parlament seçkilərini Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev müşahidə edəcək. Bülletenlər saat 20:00-da seçki məntəqələrinin qapıları bağlandıqdan sonra avtomatik hesablanacaq və bu hesablamalar əsasında MSK eyni gündə seçkilərin ilkin hesablamalara əsasən nəticəsini açıqlayacaq. Yekun rəsmi nəticə isə ənənəvi qayda ilə səsvermə keçirilən seçki məntəqələrindəki səslər də sayıldıqdan sonra növbəti günün səhəri elan ediləcək.
Builki seçkilər 2017-ci ildə edilmiş konstitusiya düzəlişinə əsasən tam proporsional qaydada, 5%-lik seçki bariyeri ilə ilə keçirilir. Parlamentin 150 yeri uğrunda 19 siyasi partiya və koalisiya rəqabət aparır. Parlamentə yalnız 5%-lik bariyeri keçən partiyalar daxil ola biləcəklər. Qərbyönümlü müxalifət partiyaları hakim “Gürcü Arzusu”na qarşı 4 böyük koalisiyada mübarizə aparır. Onların hər biri Prezident Salome Zurabişvilinin təqdim etdiyi Gürcü Xartiyası adlı sənədi imzalayıblar. Sənəd Gürcü Arzusunun 12 illik hakimiyyətindən sonra ölkədə keçid dövrünün təmin edilməsi, Avropayönülmü islahatların həyata keçirilməsi üçün bir illik texniki hökumətin yaradılmasını nəzərdə tutur.