Gül üzlü, nur gözlü Xasiyyət – ÖNSÖZ

Elə insan var ki, xarici görünüşünə, danışığına və nitqinə, yaxud yerişinə, duruşuna və baxışına görə onun mütləq sənətkar olduğunu düşünürsən. Sənətkar dedikdə daha çox əhli-qələm, şair-yazıçı, müğənni, rəssam, artist anlaşılır. Bunlar ümumən yaradıcı şəxs deməkdir.

Globalinfo.az xəbər verir ki, belə sənətkarlardan biri də çağdaş özbək poeziyasının görkəmli nümayəndəsi Xasiyyət Rüstəmdir. O, incə, zərif vücudu, Şərq gözəllərinə xas olan qara qaşı-gözü, ideal cizgilərə sahib çöhrəsi, cazib baxışı, lətif və nazlı səsi, bir sözlə, şairəyə məxsus hər şeyi ilə yüksək standartda bir özbək qızıdır. Hər xalına Səmərqəndü Buxara veriləcək bir şux, yosma və türfə türk qızıdır! Onun sənəti ilə tanış olduqda fiziki və mənəvi şəxsiyyətinin nə qədər örtüşdüyünü, üst-üstə düşdüyünü, çulğaşdığını görürsən. Xasiyyətin poeziyası sevən qəlbin incə, titrək duyğularını, saf məhəbbəti və təmiz eşqi, ülvi hisslərlə yoğrulmuş ayrılığı və həsrətlə gözlənən vüsalı tərənnüm edir, onun geniş yelpazəsində ölüm və həyat fəlsəfi baxış süzgəcindən keçirilir, sədaqət və vəfa, insan və zaman vəsf olunur, xəyanət sorğuya çəkilir, ana təbiətin gözəllikləri və özəllikləri gözlər önünə sərilir, külək və yağmur, hərf və söz, ağac və gül, yaz və qış kimi anlayışlar və motivlər öz lirik-poetik əksini tapır. Puşkin, Lermontov, Yesenin, Anna Axmatova, Marina Svetayeva, Boris Pasternak, Atso, Katso, Kavataba və başqa qələm sahibləri eyni zamanda onun həmkarları və bədii qəhrəmanlarıdır.
Xasiyyət İslaməli qızı Rüstəm 1971-ci ildə Özbəkistanın Nəməngən vilayətinin Çust rayonunun Almas kəndində dünyaya göz açmışdır. Orta məktəbi qızıl medalla bitirmiş, 1993-cü ildə Daşkənd Dövlət Universitetinin (indiki Özbəkistan Milli Universiteti) jurnalistika fakültəsini başa vurmuşdur. Daha sonra həmin təhsil ocağında ali ədəbiyyat kurslarında oxumuşdur. 1993-97-ci illərdə “Dan ulduzu” qəzetində və bir sıra kütləvi informasiya vasitələrində çalışan Xasiyyət hazırda “Kitab dünyası” adlı ədəbi-bədii, ictimai-siyasi, mənəvi-maarifçilik qəzetinin baş redaktorudur.

Xasiyyət bədii yaradıcılığa yeniyetməlik çağlarında başlamışdır. Onun ilk qələm təcrübələri hələ orta məktəbin yuxarı siniflərində oxuduğu və universitetdə tələbə olduğu illərdə işıq üzü görmüşdür. Şairənin “Asimsndakı ev” adlı ilk kitabı 1997-ci ildə çapdan çıxmışdır. Bundan sonra onun “Nicat” (2003), “Rida” (2004), “Təsəlli” (2005), “Divar” (2006), “Avqust” (2008), “İşğal” (2011), “40:0” (2011), “Unudulmuş illər” (2014), “Başsız buludlar” (2019), “Gecənin başı qaranlıq” (2020) adlı kitabları oxuculara təqdim olunmuşdur. Bir sıra şeirləri və kitabları türk, Azərbaycan, qazax, rus, ingilis, fransız, alman, ispan, italyan, holland, İsveç dillərinə çevrilmiş və nəşr edilmişdir. Məsələn, şairənin Türkiyədə iki kitabı (2008-ci ildə “Sabahsız günlər”, 2020-ci ildə “İki günəş”) nəşr edilmişdir. “Məhəbbətin anatomiyası” kitabı Qazaxstanda (2020) işıq üzü görmüşdür. Azərbaycanda isə Rəsmiyyə Sabirin uyğunlaşdırması ilə “Qorxunc” adlı ilk kitabı 2009-cu ildə, Afaq Şıxlı, Eluca Atalı və Şirmurad Sübhanın birlikdə ərsəyə gətirdikləri “Leyli ağaclar” adlı toplusu 2020-ci ildə çapdan çıxmışdır. Bu günlərdə İngiltərədə onun “Rəngli gözyaşları” kitabı nəşr ediləcəkdir.

Məlumat üçün qeyd edim ki, Xasiyyət hekayə, dram əsərləri, film ssenariləri də yazmışdır. 2015-ci ildə onun “Göyə sığınan quş” adlı oyunu Müqimi adına musiqili dram teatrında səhnəyə qoyulmuşdur. 2016-cı ildə isə “Kilim” adlı hekayəsi əsasında maraqlı bir telefilm çəkilmişdir. Gül üzlü, nur gözlü Xasiyyətin əsərlərini burada geniş şəkildə təhlil etməyə ehtiyac duymuram. Zövq sahibi olan oxucular onların nə qədər gözəl və orijinal olduqlarını özləri görəcək və bəyənəcəklər. Yalnız onu deyim ki, onun bədii kredosu kimi qəbul edilə biləcək “Şeiriyyət” şeiri buna ən gözəl misaldır. Şairə burada asimana və Allaha sığınır:

Gecikmiş olsam da gəldim ki axır,
Neyçün kirpiyindən
Yaş axıb, sızıb?
Dan üzü çıxmışdım…
buraya qədər –
Lilli su gətirdi məni axızıb.

Təntidim…
otuz il,
olmadı imkan.
Otuz il özümdən olmuşam cüda.
Məni qucağından qovma, asiman,
Məni ürəyinə yaxın tut, xuda!..

Xasiyyət ürəyə yaxın tutulası şairədir, sənəti və şəxsiyyəti bütövdür, türkçüdür, millidir, Türk Dünyasının patriotudur. “Kitab dünyası” qəzetindəki fəaliyyəti buna ən parlaq misaldır. Onun səhifələrində Azərbaycan ədəbiyyatı da geniş təbliğ edilir, Anar, Elçin, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Firuz Mustafa, Eluca Atalı, Günel Mövlud və başqaları haqqında maraqlı yazılar dərc olunur. “Kitab dünyası” bizim “525-ci qəzet”lə bir növ “qardaşlaşmış” mətbu orqandır. Onlar ölkələrimizin mədəni və ədəbi-bədii həyatı barədə qarşılıqlı şəkildə maraqlı materiallar dərc edirlər. Bunlar özbək-Azərbaycan ədəbi əlaqələri baxımından müstəsna yer tutur. Burada mənim də bir neşə yazım və müsahibəm dərc olunub. Qəzet eyni zamanda dünya ədəbiyyatına da geniş yer verir, yeni tərcümələri oxucularla bölüşür.

Tərcüməçilər arasında Xasiyyət xanım özü də var. O, Anna Axmatova, Marina Svetayeva, Yevgeni Yevtuşenko, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Fazil Hüsnü Dağlarca kimi şairlərin yaradıcılığından ən gözəl səhifələri öz oxucuları ilə paylaşır. Şairə bu sahədəki fəaliyyətinə görə bir sıra beynəlxalq festivallara dəvət olunmuş, 2018-ci ildə Tailandda poeziya sahəsində xüsusi mükafata layiq görülmüşdür. Öz ölkəsində “Şöhrət” medalı ilə təltif olunan Xasiyyət 2015-ci ildə Bakıda Mikayıl Müşfiq adına mükafata layiq görülmüş, 2017-ci ildə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafına verdiyi mühüm töhfələrə görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitututunun “Fəxri Fərman”ı ilə təltif olunmuş, 2019-cu ildə isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.

Əlinizdəki bu kiçik kitabı mən hazırlamışam. 2020-ci ilin yanvarında Xasiyyət Rüstəmə məktub yazaraq onun kiçik bir kitabını çevirmək istədiyimi bildirdim və yüz şeir göndərməsini xahiş etdim. Fevralda Daşkənddə görüşdük və tərcümənin prinsiplərini müzakirə elədik. Mən belə bir təklif irəli sürdüm: şeirlər iki dildə, tək rəqəmli səhifədə özbəkcə, cüt rəqəmli səhifədə azərbaycanca verilsin. Mən əvvəllər Abdulla Tukayın və Robert Minnullinin kitablarını bu şəkildə tərcümə və nəşr etmişdim. Onu deyim ki, bu çox ağır işdir, orijinal mətnin sol səhifədə olması tərcüməçinin əl-qolunu bağlayır, onu manevr imkanlarını hədsiz dərəcədə daraldır. Bu üsulun üstün cəhəti odur ki, gənc nəsil iki qardaş dili əyani şəkildə müqayisə etməyə imkan tapır. Bu, Bakı Dövlət Universitetində keçilən “Türk xalqları ədəbiyyatı” fənni üçün çox vacibdir. Xasiyyət ikidilli kitab təklifimi maraqla qarşıladı, nəticədə “Məcnun söyüd” adlı bu kitab ərsəyə gəldi. Onun bir qismi şeirlər, digər qismi isə “könül məktubları” adılandırılan “Gündəlik”dən seçmələrdir. Bunlar əslində nəsrlə yazılmış şeir, ən azı mənsur şeir adlana bilər. Sə’cli (qafiyəli) şeirin ən gözəl nümunələrini “Məhbub ül-qülub” əsərində dahi Əlişir Nəvayi yaratmışdır. Rabindranat Taqor dünya ədəbiyyatında mənsur şeirin misilsiz ustası sayılır. Azərbaycan ədəbiyyatında isə bu janra yazıçı Gülhüseyn Hüseynoğlu öz möhürünü vurmuşdur.

“Gündəlik”lər həm də fəlsəfi mahiyyət daşıyır. Hər şair kimi Xasiyyət də filosofdur və bir şeirində bunu belə ifadə edir:

Bir günü sağ, bir gün isə xəstəyəm,
Bir günü bağ, bir gün çölü dəştdəyəm.
Mən sizləri bilmədim, amma özüm –
Bir günü dağ, bir gün yerdən pəstdəyəm.

Xasiyyət Rüstəm “könül məktubları” silsiləsi ilə bu tipli yazılara yeni naxışlar, cizgilər əlavə edir, onu həm bədii-poetik baxımdan, həm də məzmun, mövzu, duyğu baxımından qüvvətləndirir. Cəmiyyət, xalq, vətən və dünya qarşısında öz borcunu anlayan və yerinə yetirməyə çalışan sənətkar bunu konkret lövhələrlə ifadə edir. Bunlar şairənin uşaqlıq dövrü və təhsil illəri ilə bağlı xatirələri, şəxsi həyatından olan unudulmaz epizodlar, xarici ölkələrə səfərlərdən aldığı təəssüratlar, rast gəldiyi mənfi və müsbət olaylar şəklində təzahür edir. Xasiyyət xanım bunların hamısına əsil şair həssaslığı ilə reaksiya verir, poeziya, şeir prizmasından baxır. Onun fikrincə, yer üzündə şairlik missiyasından üstün və dəyərli heç nə ola bilməz. Bunu “Başqa cür yaşaya bilməzdim” adlı parçada aydın şəkildə görürük:

“Hamısına özün şahidsən, rəbbim! Basdığım ilk addımımdan son nəfəsimə qədər… Əgər şeir yazmaqla günah etmişəmsə, bu işi canü dildən görmüşəm. Bu dünya ilə başqa şəkildə danışmaq olmur… Şeir yazıb ələmimi aldım, sərməstlikdən çıxdım. Əgər şeir yazmaq kimi gözəl ibadətim olmasaydı, sevginin necə olduğunu bilməz, yaxşılığı fərq etmədən yanından ötərdim”.
Xasiyyət Rüstəm həyat uğrunda mübarizədə ədəbiyyata, şeirə son dərəcə böyük əhəmiyyət verir, ədəbiyyatın insana mübarizlik və döyüşkənlik aşıladığını bildirir, öz fikrini belə ifadə edir:

“Tələyə çox düşən adam özünü necə müdafiə edəcəyini yaxşı bilir. Tələyə çox düşən adam ov etməyi də yaxşı öyrənir. Ədəbiyyat da adama söz ilə cəng etməyi, təfəkkürü ilə özünü müdafiə etməyi öyrədir”.

Bugünün reallığından baxdıqda Xasiyyət Rüstəm eyni zamanda başqa bir missiyanı da yerinə yetirir. O, ümumtürk ədəbiyyatında Məhsəti Gəncəvi, Mehri xatun, Ayşə Hübbi, Gülbədən bəyim, Leyla xatun, Cahan Üveysi, Nadirə, Heyran xanım, Xurşid Banu Natəvan, Nigar Rəfibəyli, Mirvadid Dilbazi, Mədinə Gülgün, Zülfiyyə, Aydın Hacıyeva, Fəridə Bütəyeva və başqa şairələrin ədəbi ənənələrinin davamçısı kimi öz yaradıcılığı və fəaliyyəti ilə poeziyanı yeni-yeni yüksək zirvələrə qaldırır. Özbəkistan şeir kəhkəşanının parlaq ulduzu, ədəbiyyatımızın təəssübkeşi və yaxın dostu, dəyərli həmkarımız Xasiyyət Rüstəmə bu yolda yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Prof. Dr. Ramiz ƏSKƏR.
Beynəlxalq Babur mükafatı
laureatı, Nəvayi şəhərinin
fəxri vətəndaşı, Özbəkistan
Yazıçılar Uyuşmasının üzvü,
Bakı Dövlət Universiteti Tür-
kologiya kafedrasının müdiri