Flora Kərimova yayılan səs yazısından danışdı – SENSASİON ETİRAFLAR

“Yayılan məlum səslə bağlı yaxın günlərdə geniş açıqlama verəcəyəm. Orada niyə elə demişəm, nə vaxt danışmışam, hamısı bilinəcək”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib.

O, həmin səsin 3 il öncəyə aid olduğunu bildirib:

“Danmıram, o sözləri şəxsi söhbət zamanı demişəm. Vətən müharibəsi dövründə iki nəfər arasında gedən söhbət olub. Amma deməyimin də səbəbləri var. Bunu niyə, hansı məqsədlə indi yayıblar, mənə çox maraqlıdır. Yayırdılarsa, elə 44 günlük Vətən müharibəsi vaxtı yayardılar.

Əgər illər əvvəl dediyim sözlər iki ölkəni düşmən edərsə, o zaman əsl düşmən elə o səsi yayıb, aranı qarışdırandır. Bu səsi yaymaqla həmin adam iki ölkə arasına nifaq salır. Yaxşı, mən bu sözü dedim, bəs sən nə məqsədlə yaydın?! Əgər iki ölkəni bir-birinə vurmaqda maraqlı deyilsənsə, hansı səbəblə bu səs yayılır? İndi isə sual verirəm, bu səs onu yayan şəxsin əlinə necə və hansı yolla keçib?”

F.Kərimova yayılan səsləri bu cür əsaslandırıb:

“Düşmənlərimiz deyir ki, 1915-ci ildə türklər onlara qarşı “soyqırımı” törədib. İndi onun acığını kimdən alırlar?! Təbii ki, bizdən! 85 milyon əhalisi olana söz deyə bilmirlər, gəlib 10 milyonluq əhalisi olan Azərbaycana güllə atırlar!

Zamanında Elçibəy helikopter istədi, qardaş dediyimiz türk onu bizə çox gördü. Hər kəs bu gün özünü düşünür, amma 28 il əziyyət çəkən biz olduq! Prezident səbir etdi, bu gün biz gəlib bu yerə çatdıq, Qarabağı azad etdik! Bizi kim qorudu? Balalarımız! Tarixi dəyişmək olmaz! Mənim çörəyimi hökumət və övladlarım verir! Adekvat insanlar nə dediyimi çox gözəl anlayırlar. 10 milyon əhalinin içində üç milyon mənim namusumu, nəslimi, millətimi qoruyur! Bu səsi yayanlar Türkiyədə keçirilən seçkilər zamanı özləri Ərdoğanı pisləyir, açıq şəkildə Kılıçdaroğlunu dəstəkləyirdilər. İndi nə oldu?”

Zaira Akifqızı
Globalinfo.az