Fəxriyyə Xələfovadan “Avroviziya” təşkilatçılarına sərt tənqid: “Araşdırılmalıdır”

“Avroviziya 2023”ün açılış mərasimində Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşlarının firuzəyi xalıdan keçərkən geyindikləri libaslar Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Qardaşların geyimi sosial şəbəkələrin Azərbaycan seqmentində sərt tənqid olunub.

Mövzu ilə bağlı tanınmış rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Globalinfo.az-a açıqlamasında komandada olmadığını, prosesdən xəbərsiz olduğunu bildirib:

“Avroviziya müsabiqəsində uyğunsuz geyimlər, mahnılar və qazandığımız yerlərdə getdikcə geriləyirik. Düşünürəm ki, bu istiqamətdə media dərin araşdırma aparmalı, problemin nə olduğunu tapmalıdır. Əvvəl də bu müsabiqədə təmsilçinin geyimi narazılıqla qarşılanmışdı, bu il daha pisə doğru irəlilədi. Ona görə bu mövzuda medianın ciddi məqalələrinə ehtiyac var. Açığı tanımadığım, fəaliyyətinə bələd olmadığım birinin işi haqqında şərh vermək istəmirəm. Burada əsas məsul şəxs Balaş Qasımovdur, o nəzarət etməlidir. Hər il müsabiqə ərəfəsində bu problem yaşanır və mətbuat mənimlə əlaqə saxlayır. Axı belə davam edə bilməz. Ona görə də media problemin mənbəyini aydınlaşdırmalıdır”.

Tural və Turan Bağmanov

F.Xələfova “Avroviziya”ya hazırlıq prosesinin ölkəmizdə artıq əvvəlki kimi olmadığını qeyd edib və geyimin modelyerin özü tərəfindən əsaslandırılmalı olduğunu söyləyib:

“Bu proseslə çoxdandır maraqlanmıram, məlumatlı deyiləm. Biz Təşkilat Komitəsində olarkən 2010, 2011, 2012-ci illərdə uğurla çıxış etdik və qalib olduq. Mən o zaman münsif idim. Əvvəl milli seçim turları vardı, indi hər şey qapalıdır. Amma bununla bağlı mediadan heç bir reaksiya görmürük. Yaxın zamanda keçirilən gözəllik yarışmasında Ermənistan təmsilçisi Naxçıvan xalçalarının ornamentləri ilə hazırlanmış geyimlə səhnəyə çıxdı. Amma yerli mətbuatda buna da toxunulmadı. “Avroviziya” müsabiqəsinə dövlət kifayət qədər pul ayırır, bəs niyə istədiyimiz nəticəni əldə edə bilmirik?

Təşkilat Komitəsində ilk növbədə yerli komandanın olması vacibdir. Hər nə qədər xalqa qalibiyyət bəxş edən komanda biz olsaq da, hazırda bu prosesdən ümumiyyətlə xəbərsizik. Kifayət qədər tanınmayan stilistlərin əl işlərindən bu kimi müsabiqələrdə istifadə o qədər də doğru deyil. Bütün bunları nəzərə alaraq bir daha deyirəm ki, medianın bu məsələdə silsilə araşdırmaları çox vacibdir və olmalıdır. Əgər həqiqətən doğrusu budursa, bunu modelyer özü izah etsin”.

Ayşən Mustafa

Globalinfo.az