Son vaxtlar FETÖ lideri Fətullah Gülən ətrafında maraqlı hadisələr baş verir. Gülənin qardaşı oğlunun iddiasına görə, FETÖ liderini qaçırıblar. Bəziləri isə onun öldüyünü iddia edir. Bir qədər əvvəl Fətullah Gülənin Türkiyəyə təhvil verildiyi iddia edilsə də, sonradan bu məlumat təkzib edildi.
Nə baş verir? Fətullah Gülənin taleyi haqda dəqiq məlumat niyə gizlədilir?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz maraqlı iddialar irəli sürüb.
Onun fikrincə, Fətullah Gülən nə ölüdür, nə də diri, heç Türkiyəyə də təhvil verilməyib.
Bəs bu necə ola bilər?
Heydər Oğuz fikrini belə izah edib:
“Fətullah Gülənin ölmədiyini qardaşı oğlu Əbusələmə də təsdiqləyir. Amma o, bizim anladığımız dərəcədə diri də deyil. Canında nəfəs olsa, idarə etdiyi təşkilatda baş verənlərə laqeyd qalmaz, gərginliklərin qarşısını alardı. Ən əsası, müridləri miras uğrunda bir-birini ifşa etməzdi. Onun Türkiyəyə təhvil verildiyinə də inanmıram. ABŞ Fətullah Güləni Türkiyə təhvil versə, öz etibarlılığını itirər, bundan sonra heç kim ona casusluq etməz”.
Heydər Oğuzun fikrincə, Fətullah Gülənin ətrafında baş verənlər də təsadüfi deyil:
“Fikrimcə, yaşananlar ABŞ-la Türkiyənin birgə əməliyyatıdır. Bilirsiniz ki, Türkiyə uzun illərdir ki, Fətullah Gülən ətrafındakılarının təhvil verilməsini, FETÖ-nün bitirilməsini istəyir. İsveçin NATO-ya üzvlüyü prosesində Ankaranın ABŞ qarşısında qoyduğu tələblərdən biri də bu idi. Görünür, dövlətlər arasında keçirilən danışıqlarda ortaq məxrəcə gəlinib və FETÖ-nün sıradan çıxarılması razılaşdırılıb. Böyük ehtimalla, Fətullah Gülənin səhhəti də yaxşı olmadığından onun ölümündən sonra FETÖ-nün tamamilə sıradan çıxarılmasına başlanacaq. Gülənin ən yaxınında olan insanlar bundan sonra Türkiyəyə təhvil veriləcək. Bunun üçün isə ilk növbədə onlar arasında parçalanma yaranmalı, içərilərindəki qruplardan biri Türkiyəyə təslim olub önəmli etiraflarda bulunmalıdır. Artıq bu istiqamətdə bəzi addımlar atılır. Gülənin qardaşı oğlu Əbusələmənin inanılmaz etirafları, hətta əmisinin belə, dövlət çevrilişi cinayətində iştirakı barədə açıqlamaları bu ilk addımlardan biridir. Yəqin ki, bu cür etirafçılar çox olacaq və gülənçilərin ifadələri toplanılıb, ABŞ-a veriləcək. Nəticədə okeanın o tayında məskunlaşan FETÖ rəhbərliyinin Ankaraya qaytarılması tələb ediləcək. ABŞ da “məcbur qalıb” həmin şəxsləri təhvil verəcək”.
Zaira Akifqızı
Globalinfo.az














