Süründürməçilikdir, yeni nazirlik yaradılsın – Fazil Mustafadan sərt çıxış

“Görünür, Azərbaycanda problemlərin həlli üzrə ayrıca nazirlik yaradılmalıdır. Adı elə birbaşa Problemlərin Həlli Nazirliyi olsun. Yəni bütün nazirliklər, dövlət komitələri, dövlət agentlikləri öz yerində durur, ancaq onların həll etmədiyi adi, sadə, mümkün problemləri bu nazirlik həll edir. Bu nazirliyə də əlahiddə səlahiyyət verilir ki, aldığı qərarlar qəti olsun. Haqlılığı şübhə doğurmayan qərarlar fiziki və hüquqi şəxslərin işlərinin axsamaması, süründürməçiliyə görə dövlətdən narazı qalmaması üçün zəruridir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O, qurumlarda müşahidə olunan süründürməçiliklə bağlı nümunə göstərib:

“Bir orta məktəb müəllimi İsmayıllıdan gəlib ki, Koreyadan sifariş verdiyi maşını götürsün. Bunun üçün gömrükdən “yaşıl kart” almalıdır ki, DYP-yə təqdim etsin. Üç gündür gömrüyün qapısında gözləyir. Adam məktəbə də izah edə bilmir ki, bu səbəbdən gələ bilmir.

Digər bir adam uşağını dövlətin bağçasına qoya bilmir. “Yer yoxdur, növbəyə durmalısan” deyib, süründürməçiliyə salırlar. Digər biri illərdir sənəd ala bilmir ki, bəs “filan banka borcun var”. Məhkəmə qərarı ilə sübut edir ki, heç bir borcum yoxdur, yenə də süründürməçiliyə salıb arayışı vermirlər. Hətta gedib həmin bankdan kredit götürür və məlum olur ki, borcu yox imiş. Başqa biri tamamilə haqlı olduğu iş üçün məhkəməyə müraciət edə bilmir. Düşünür ki, vəkilə filan qədər pul ödəməliyəm, 6-7 ay məhkəmə instansiyaları arasında ayaq döyməliyəm, təminatım da yoxdur ki, xeyrimə qərar çıxarılacaq. Yaxşısı budur, taleyimlə razılaşım”.

Deputat qeyd edib ki, ASAN Xidmətin yaradılması bu məsələlərdə vətəndaşın işini yüngülləşdirdi:

“Ancaq bizə edilən çoxsaylı müraciətlərdən də görürük ki, adi və sadə problemlərin həlli mümkün olmur. İndi mən bəlkə də zarafatyana belə bir təklif verdim, ancaq dövlət qurumlarının bir çoxu ilə təmasda olan insanların iztirabı göstərir ki, durum gerçəkdən xoşagələn deyil”.

Zaira Akifqızı
Globalinfo.az