Ermənistan iki qüvvə ilə birləşir – “Bu, savaş hazırlığıdır, toqquşma olacaq”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 5 aprel 2024-cü il tarixində Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirib ki, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür rəsmi İrəvanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ Ermənistanın sabitliyini pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Ermənistanla NATO-nun “nikah”ına  hazırlıq gedir və bu, Azərbaycan üzərində anti-Rusiya cəbhəsinin formalaşdırılmasıdır:

“Azərbaycan nöqtələri açıq və dəqiq göstərir. Avropa İttifaqı müşahidə missiyasının əvvəlki niyyəti, say tərkibi, sonrakı perioddakı məqsədlərini yavaş-yavaş ortaya qoyması və missiyanın tərkibində keçmiş hərbçilərin varlığının şahidi olduq. Proses əslində bir cəbhə, savaş hazırlığıdır. Buna Azərbaycanı yönəltmək istəyirlər. Paralel şəkildə ingilisdilli mediada erməni yazarları Azərbaycan-Rusiya ittifaqı kontekstində ciddi iş aparır. Tezislərdən biri Azərbaycanın yaxın zamanlarda Ermənistana hücum edəcəyidir. Müştərəf konfranslarda müzakirəyə çıxarılan mövzu budur. İkinci tezis isə Rusiya və Azərbaycanın birgə fomada bunu edəcəyidir”.

Siyasi şərhçinin fikrincə, Azərbaycanın 8 kənd məsələsi üzərində mövqeyi məlumdur:

“Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar açıqlamasında deyib ki, Azərbaycan mediasının dili Ermənistan əleyhinə təhdid dilidir. Belə bir prosesdə rəsmi Bakı da öz mövqeyini ortaya qoyub, məlum konfransa mənfi münasibət bəsləyəcək. Fikrimcə, proses sərhəddə toqquşmalara səbəb olacaq”.

Safura Bənnayeva
Globalinfo.az