Ermənistan ciddi seçim qarşısında: Rusiyanın verdiyi vaxt bitir

“Ermənistan-Rusiya münasibətləri son aylar ərzində daha da gərginləşib. Nikol Paşinyanın əsas istəyi bacardığı qədər Rusiyadan uzaqlaşmaq, həmçinin KTMT-dən çıxmaq, bundan başqa, Gümrü şəhərində yerləşən rus hərbi bazasını ölkədən çıxarmaqdır. Təbii ki, bu asan məsələ deyil”.

Bu sözləri Globalinfo.az -a Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumu haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistana mane olan faktorlar da var:

“Ölkə daxilində 5-ci kolonun güclü olması, Ermənistanın məhdud manevr imkanları, əlavə olaraq Rusiyanın Ermənistanın daxili işlərinə tez-tez qarışmasını göstərə bilərik.

Rusiya faktoru təbii ki, Ermənistanda hələ ki qalıb. Son aylar ərzində Fransanın Ermənistanda fəallaşması da müşahidə olunur. Ermənistan daxilində keşiş Baqratın üsyanı uğurla nəticələnməsə də Paşinyan hökumətinə mane olur. Ancaq Paşinyan hökuməti də hər fürsətdən istifadə edərək Azərbaycana qarşı əsassız iddialarla sülh prosesinə xələl gətirir.


Rüstəm Tağızadə

Rusiya mümkün qədər Qərb dövlətlərini Ermənistandan uzaq tutmağa çalışır. Bəzən iqtisadi təzyiqlər edərək Ermənistanın Rusiyaya yüklərin daşınmasında çətinliklər yaradır. Göründüyü kimi, Rusiya və Ermənistan arasında olan siyasi müstəvidə gərginlik davam edəcək.
Rusiya indi Ermənistanla bəyanat səviyyəsində danışır. Sərt tədbirlər görmür. Ancaq imkan tapdıqca daxildə olan gərginlikdən istifadə edərək Paşinyan hökumətinə problemlər yaratmaq siyasətini yürüdəcək. Rusiya-Ukrayna müharibəsi davam etdikcə Ermənistan mövcud vəziyyətdən faydalanmaq istəyir. Ancaq bunun üçün hələ ki, Qərb dövlətləri, əsas da ABŞ yetərincə dəstək vermir. Ermənistan isə KTMT-dən çıxmaq üçün zamanın gəlməsini gözləyir. Düzdür, tez-tez hökumət bu təşkilatdan çıxacağını desə də hələ ki, bir nəticə yoxdur.

Görünən odur ki, Ermənistan Qərb və Rusiya arasında qalaraq sistemli siyasətinin olmamasından və Cənubi Qafqazda mövcud olan geosiyasi reallıqdan dolayı məqsədlərini həyata keçirməkdə çox maneələrlə üzləşəcək. Rusiya imkan tapdıqca Ermənistana daha çox təzyiq edəcəkdir”.

Turan Rzayev
Globalinfo.az