Ermənistan çalxalanır: “Paşinyan danışıqları dayandırsa…”

Ermənistanda vəziyyət getdikcə daha da gərginləşir. Bu ölkədə ultrasağçı Milli Demokratik Qütb Partiyasının liderləri Paşinyana qarşı etirazlara rəhbərlik edən keşiş Baqrat Qalstanyanla görüşüb. Həmin görüş Ermənistanın “qan çanağı”na dönməsinin işartısı kimi təqdim olunur. Baqratın böyük aksiya keçirəcəyi də diqqət çəkir.

Bəs görəsən, Ermənistanda proseslər hansı siyasi xətlə davam edəcək? Azərbaycanla münasibətdə dəyişiklik gözlənilirmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov deyib ki, hazırda Ermənistan daxilində vəziyyət gərginləşir, Nikol Paşinyana qarşı cəbhə var:

“Bu cəbhələrin, aksiyaların Paşinyanı hakimiyyətdən salacaq qədər güclü olacağını düşünmürəm. Baş verən aksiyaları təhlil etsək, belə bir nəticəyə vararıq ki, etirazlara cəmiyyətin böyük hissəsi qatılmır. Ona görə də effektiv olmur. Baqratın etirazları uzun müddət davam etsə də, etiraz dalğasının miqyasını artıra bilmirlər”.

Politoloqun sözlərinə görə, ultrasağçı partiyalar, Daşnaksütyun, revanşist qüvvələr Paşinyanı hakimiyyətdən salmaq üçün bir cəbhədə toplaşıblar:

“Kənar qüvvələrin təsirləri ilə prosesdə Nikol Paşinyanı küncə sıxışdırmağa çalışırlar. O isə vəziyyətdən xəbərdardır. Bilir ki, Azərbaycanla danışıqları dayandırmaq Ermənistana böyük problem yaradacaq. Bu, yenidən müharibə variantını seçmək deməkdir. Ermənistanın baş naziri demokratiya imicini yaratmaq üçün nümayişləri tam yatırmır”.

Safura Bənnayeva
Globalinfo.az