“Ermənilər revanşizmdən əl çəkməsələr, “Qisas” əməliyyatı təkrar olunacaq” – Politoloqdan sərt açıqlama

Kəlbəcər rayonunun müharibəsiz işğaldan azad edilməsinin 2 ili tamam oldu. Bu, Azərbaycanın 44 günlük müharibədən sonrakı ən böyük qələbələrindən idi.

Kəlbəcər noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycana qaytarılıb. Eyni təcrübə Xocalı, Xankəndi və digər işğaldakı torpaqlar üçün də keçərli ola bilərmi?

Politoloq Tofiq Abbasov Globalinfo.az-a bildirib ki, bu məsələdə dəqiq paralel aparmaq yerinə düşmür, çünki Kəlbəcərdə əsasən azərbaycanlılar yaşayırdı, amma Xankəndi və onun ətrafında əsasən ermənilər yaşayıb:

“Ermənilər onsuz da bizim torpağımızda qonaqdırlar. Onlar 200 il əvvəl bura köçüblər. Təbii ki, orada etnik təmizləmə aparmaq istəmirik, amma bunu istəyənlər var. Fransa və digər ölkələr Azərbaycan daxilində erməni azlığına silah-sursat verməklə köməkliklər göstərir ki, onlar status qazanıb orda duruş gətirsinlər. Ona görə ermənilər manipulyasiya siyasəti aparır. Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan deyirdi ki, “ermənilərlə azərbaycanlılar arasında psixoloji durğunluq yoxdur, buna görə bir yerdə yaşaya bilməzlər və bu öz müstəqilliyimizi elan etmək üçün səbəbdir”. Müharibə zamanı da gördük ki, ermənilər uzun sürən müharibəni uduzmamaq üçün yeraltı keçidlər, bunker və istehkamlar qurmuşdular”.

T.Abbasovun sözlərinə görə, bu məsələdə zamana ehtiyac var:

“Proseslər onu göstərir ki, Azərbaycan təmkinlə hərəkət edir və bu bizim zəifliyimizdən irəli gəlmir. Biz müharibədə erməniləri diz çökdürdük, onlar bizim gücümüzü gördülər.

Xankəndi və ətraf ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər var və bu istiqamətdə işlər gedir. Təsadüfi deyil ki, İlham Əliyev Soçidə bildirdi ki, Rusiyanın bəzi hərəkətləri vəziyyətin kontekstinə uyğun deyil. Qarabağda keçirilmiş biabırçı mitinq, Ruben Vardanyanın ora pul xərcləməsi və onun guya dövlət naziri təyin olunması xarici qüvvələrin oyunbazlığının nəticəsidir”.

Tofiq Abbasov bildirib ki, İrəvanın tutduğu siyasətin axırı yoxdur və əvvəl-axır Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar:

“Əks təqdirdə, “Qisas” əməliyyatı təkrar olunacaq. Ermənilər Qarabağda silah-sursatı yerə qoysalar və revanşizmdən əl çəksələr, biz onları qəbul edəcəyik”.

Gülnar Səlimova
Globalinfo.az