Erməni təxribatı: Ordumuz o postları darmadağın edə bilər – Nə baş verir?

İyunun 12-sində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Sülh danışıqlarının getdiyi vaxtda İrəvanın təxribata əl atmasının səbəbi nədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanması və kommunikasiyaların açılması mümkünlüyünü bildirməsindən bir neçə saat sonra Naxçıvanın 3 yaşayış məntəqəsi Ermənistanın silahlı qüvvələrinin atəşinə məruz qalıb:

“Bu, Azərbaycanla yanaşı Nikol Paşinyanın özünə qarşı da təxribatdır. Fevral ayının əvvəlində oxşar təxribat baş vermiş və Azərbaycan hərbçilərinə atəş açılan erməni postu dağıdılmışdı. İndi biz yenə də hərbçilərimizə atəş açan postu dağıtmaq məcburiyyətində qala bilərik. Həmin hadisənin təxribat olduğunu Nikol Paşinyan da etiraf etmişdi. Fevral ayındakı təxribatın Paşinyanın orduya tam nəzarət edə bilməməsinin sübutu idi. Paşinyan orduda “5-ci kolon”un varlığını etiraf edib, ancaq bu, azdır, Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə bu, Paşinyanın da arzuladığı sülhə əsas təhlükə olacaq. Belə çıxır ki, sülh sazişi imzalananadan sonra da Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açacaqlarından sığortalanmamışıq”.

Safura Bənnayeva
Globalinfo.az