Erməni ordusunda xaos: 5 əsgər öldü, 1 general isə… – “Bakı xilas edə bilər”

Son 10 gündə Ermənistan ordusunda 5-ci ölümün qeydə alınması ölkədə ciddi narazılığa səbəb olub. Baş verənlərə görə məsuliyyətin müdafiə naziri Suren Papikyanda olduğu əsas göstərilərək istefası tələb edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan ordusu 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində məruz qaldığı ağır məğlubiyyətdən sonra ən bərbad dövrünü yaşayır:

“Çox sayda fərarilərin olması, “qəhrəman” kimi təqdim olunan zabit və generalların həbs edilməsi, 36 general və polkovnikin Ermənistan baş naziri Nikol Paşinyana qarşı üsyan qaldırması və s. kimi faktlar Ermənistan ordusunun bugünkü vəziyyətinin göstəricisidir. Son günlərdə bir neçə hərbi qulluqçunun ölməsi ordunun intizamı barədə ciddi problemlər olduğunu sübut edir. Əsgər zabiti güllələyir, ya qar uçqunun altında ölü tapılır və s. Bu halların yaranmasının əsas səbəbi intizamla bağlıdır. Vəziyyətə və şəxsi heyətə nəzarət edə bilmirlər. Bütün bu boşluqlar da ordu ilə heç bir əlaqəsi olmayan Suren Papikyanın karyerasına çox mənfi təsir edə bilər”.

Ədalət Verdiyev

Ekspert xatırladıb ki, bir neçə gün öncə Ermənistan baş qərargah rəisinin keçmiş müavini, fərari general-leytenant Tiran Xaçatryan Kotayk rayonunda yerləşən restoranda yeyib-içəndən sonra dava salıb və münaqişə ilə heç bir əlaqəsi olmayan erməni yaralanıb:

“Hazırda həmin general həbsdədir. Ermənistan ordusu özünü əzilmiş vəziyyətdə hiss edir. Bundan çıxmaq üçün isə komandanlığın dəyişməsi effektiv olmayacaq. Yeganə yol Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır”.

Safura Bənnayeva
Globalinfo.az