Ermənilər Azərbaycan ordusunda xidmət edəcəkmi? – Konfliktoloqdan mühüm açıqlama

Son günlər sosial şəbəkələrdə ermənilərin kütləvi şəkildə Qarabağı tərk etdiyinə dair görüntülər yayılıb. Dünən artıq 3000-ə yaxın erməni Ermənistana qayıdıb. Bəzi mənbələrdə isə sayın 10 mini keçdiyi deyilir.

İndiki məqamda ermənilərin kütləvi köçü anlaşılmazdır. Çünki Azərbaycan reinteqrasiya prosesi çərçivəsində erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının qorunacağını, habelə konstitusiyada göstərilən haqlardan faydalana biləcəyini elan edib.

Maraqlıdır, indiki məqamda ermənilər nə üçün reinteqrasiyanı deyil, getməyi seçirlər?

Globalinfo.az-a danışan konfliktoloq Azad İsazadə deyib ki, bu məsələni anlamaq üçün erməniləri anlamaq, empatiya qurmaq lazımdır:

Azad İsazadə

“Ermənilər əmin deyillər və narahatlıq keçirirlər. Nə baş verəcəyini, onları nəyin gözlədiyini bilmirlər. Söhbət burada təkcə Azərbaycan dövlətindən getmir, həm də cəmiyyətimizdən gedir.

Azərbaycan reinteqrasiya prosesində maraqlı olsa da ermənilər üçün bu proses qeyri-müəyyəndir. Bilirsiniz, reinteqrasiya geniş bir anlayışdır və özlüyündə bir çox şeyi ehtiva edir. İndi isə gəlin Qarabağda yaşayan 60-70 yaşlı bir erməninin gözündən bu prosesə baxaq. Belə bir insan üçün reinteqrasiya ancaq vaxtı-vaxtında onun pensiyasının verilməsi, işıq pulu verməsi və yaşadığı ərazidə gündəlik işini görməkdən ibarətdir.
Gəlin bir də məsələyə gənclərin gözündən baxaq: Erməni gəncləri sabah Bakıya gəlib təhsil ala, ya da işləyə biləcək? Baxın, bunlar əslində onları düşündürən, narahat edən məqamlardır. Əlbəttə ki, bizim nəzərimizdə bütün bunlar mümkündür. Yəni bunlar bizim qorxularımız deyil, onların qorxularıdır.

Mənim yuxarıda qoyduğum suallar hələ sadə suallardır. Daha qəliz suallar da var. Misal üçün, erməni gəncləri Azərbaycan ordusunda xidmət edəcək? Ermənilərə tədris hansı dildə keçiriləcək?

Tədris Azərbaycan dilində keçirilsə də Ermənistan tarixi məsələsi problem kimi qarşımıza çıxır. Azərbaycan üçün Ermənistan tarixi əfsanələrdən ibarət uydurma bir şeydir. Ermənilər üçünsə bu, tarixdir.

Hesab edirəm, bu suallara cavab taba bilməyən və narahat olan reinteqraisya prosesini dərk etməyən ermənilər bu gün kütləvi şəkildə Ermənistana köçür”.

A.İsazadə deyib ki, bu gün Ermənistana köçən ermənilərin bir çoxu proseslər səngiyəndən sonra geri qayıdacaq:

“Ermənilərin köçünə rəğmən reinteqrasiya prosesi davam edəcək. Hər halda bütün ermənilər köçüb getmək imkanına malik deyil. Bu ermənilər ilə proses tamamlanacaq. Məhz bundan sonra suallarına cavab tapan ermənilər geri qayıda bilər”.

Turan Rzayev
Globalinfo.az