Ərdoğanın ən ciddi rəqibi Kılıçdaroğlu deyil, o şəxsdir – “Altılı masa” qərar verir…

Türkiyədə “altılı masa” adlanan müxalif koalisiyasının prezidentliyə namizədlik müzakirələri sona çatmaq üzrədir. Bu gün baş tutan görüşdə namizədin razılaşdırıldığı, adının bazar ertəsi rəsmən elan olunacağı gözlənilir.

Mətbuat və sosial mediada müxalifətin ortaq namizəd olaraq CHP sədri Kamal Kılıçdaroğlu üzərində razılığa gəldiyi iddia olunur. Kılıçdaroğlunun digər namizədlərdən əsas üstünlüyü kimi HDP seçicilərindən daha çox dəstək ala biləcəyi göstərilir.

Bəzi ekspertlər isə düşünür ki, “altılı masa” adlanan müxalif koalisiyasının prezidentliyə namizədinin Kılıçdaroğlu olması Ərdoğan üçün müsbət situasiya olar. Mənsur Yavaşın seçkiyə qatılmasının AK Partiya iqtidarına çətinlik yaradacağını düşünənlər də var.

Maraqlıdır, Türkiyə müxalifətinin vahid namizəd axtarışı nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, “altılı masa” artıq 12-ci görüşü keçirir və hələ də konkret nəticə əldə edə bilmir:

“Fikir ayrılıqlarına görə Ərdoğanın qarşısına çıxaracaqları vahid namizədi müəyyən edə bilmirlər. Düzdür, yazılı açıqlamada namizədin müəyyən edildiyi və martın 6-da açıqlanacağı qeyd olunsa da, bu, inandırıcı görünmür.

Xüsusilə qeyd etmək lazımdır ki, namizəd olmaq istəyən Kılıçdaroğluna qarşı Akşener dirəniş göstərir. Burada daha çox CHP-lilərin açıqlamaları diqqət çəkir. Belə ki, onlar müəyyən edilən, lakin hələ də gizli saxlanılan vahid namizədin Kılıçdaroğlu olduğunu deyirlər.

Meral Akşenerin Fox TV-yə son müsahibəsi də göstərdi ki, CHP və İYİ partiya arasındakı gərginlik müxalifət ittifaqına təsir edəcək. Hətta ayrılığın olacağı gözləntiləri də var.

Bu mənzərə ən çox Ərdoğanın xeyrinədir. Türkiyə seçicisində isə “altı adam öz aralarında seçim edə bilmir, ölkəni necə idarə edəcəklər” rəyi güclənir”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, “Millət ittifaqı” ən qısa zamanda prezidentliyə vahid namizədini müəyyənləşdirməlidir:

“Böyük ehtimalla prezidentliyə namizəd Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu olacaq. O, parlamentdə ana müxalifət partiyasının lideri kimi iddialıdır. Namizədliyini bu dəfə də irəli sürməsə, partiyadaşları arasında və cəmiyyətdə nüfuzunu itirəcək.

Prezidentliyə namizəd kimi adları çəkilən digər iki fiqur – İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyə sədri Mənsur Yavaş Kamal Kılıçdaroğlu qədər iddialı deyillər. Bu iki bələdiyyə sədri “altılı masanın” istənilən qərarını dəstəkləyəcəklər. “Altılı masada” yer alan liderlərin əksəriyyəti Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə hazırdır, sadəcə, İYİ Partiyasının lideri Meral Akşener qərar verməkdə çətinlik çəkir.

Görünür, M.Akşener hesab edir ki, Əkrəm İmamoğlu və ya Mənsur Yavaş namizəd olarsa, müxalifətin seçkidə qələbə qazanmaq ehtimalı yüksələcək. Ancaq fikrimcə, M.Akşener sonda Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmək məcburiyyətində qalacaq”.

Turan Rzayev
Globalinfo.az