təhlükəsiGələn il Azərbaycanda maaşların, pensiyaların və sosial ödənişlərin artırılması ilə bağlı gözləntilər yaranıb. Sosial-iqtisadi paketin hazırlanacağı, 80 manatlıq ödənişlərin artırılacağı, hətta uşaqpulunun bərpa edilə biləcəyi barədə müzakirələr aparılır. Bununla yanaşı, mümkün artımların bahalaşma ilə müşayiət olunacağı barədə fikirlər də səslənir.
Bunu tənzimləmək üçün hansı addımlar atıla bilər?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Prezidentin son çıxışlarında növbəti ildə minimum əməkhaqqının artırılması məsələsi qeyd olundu və sosial xərclərin daha da artacağı vurğulandı:
“Əlbəttə ki, bu, həm müavinətlərin, həm təqaüdlərin, həm də minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər yaradır. Əlbəttə, belə artımlar iqtisadiyyatda əlavə pul dövriyyəsi formalaşdırır ki, bu da tələbi artırır. Dövlət vəsaitləri iqtisadiyyata daxil olduqda tələbin artması təbii haldır. Tələb artdıqca isə qiymətlərdə müəyyən yüksəlişlər müşahidə oluna bilər”.
Eyyub Kərimli
E.Kərimli növbəti ildə inflyasiyanın birrəqəmli olacağının açıqlandığını bildirib:
“Lakin hesab edirəm, real mənzərə fərqli ola bilər. Müəyyən qiymət artımlarının müşahidə olunması mümkündür. Bu baxımdan, belə artımların qarşısının alınması üçün bu gün iqtisadiyyatın şaxələndirilməsinə, daha ciddi və şəffaf rəqabət mühitinin yaradılmasına ehtiyac var. İdxal və ixrac, eləcə də logistika zəncirlərinin daha da şaxələndirilməsi vacibdir. Həmçinin, bazarda böyük paya malik şəbəkələrin qiymət siyasətinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı sahəsinə ciddi dəstəyin göstərilməsi bu cür qiymət artımlarının qarşısının alınmasına kömək edə bilər”.
Zaira Akifqız
Globalinfo.az