“Dövlət qulluğu imtahanından uğurla keçmiş şəxslərin sertifikatının qüvvədə olma müddətinin beş ildən iki ilə endirilməsi ilə bağlı narahatam”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, sertifikat alan şəxslərin bir qismi beş il ərzində belə iş tapa bilməyib:
“Deməli, problem yalnız imtahan verməkdə deyil, imtahandan sonra işə qəbul imkanlarının məhdudluğundadır. Müddətin iki ilə endirilməsi bu problemi həll etmir, əksinə, həmin şəxslərin imkanlarını daha da məhdudlaşdırır. İki il ərzində işlə təmin olunmayan vətəndaş yenidən imtahana hazırlaşmalı, yenidən imtahan verməli və eyni prosesi təkrarlamalı olacaq. Beləliklə, dövlətin qiymətləndirdiyi bilik və bacarıqlardan istifadə etmək əvəzinə, insanı təkrar-təkrar imtahan prosesinə qaytarırıq”.
Deputat təklif edib ki, sertifikat almış şəxslərin ən geci üç-altı ay ərzində ixtisaslarına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etməsi və işə qəbul prosesində real imkan qazanması üçün konkret mexanizm yaradılsın:
“Bu, avtomatik təyinat demək deyil. Müsahibə və peşəkarlıq tələbləri qüvvədə qala bilər. Əsas məsələ imtahandan uğurla keçmiş şəxsin illərlə qeyri-müəyyənlik içində gözləməməsidir. Yeni məcəllə dövlət qulluğuna qəbul edilən şəxslər üçün müəyyən prosedur yükünü azalda bilər. Lakin imtahan verib sertifikat alan şəxslərin konkret işə qəbul imkanlarını asanlaşdıran mexanizmlər də aydın şəkildə müəyyən edilməlidir. Mövqeyimdə qalıram: dövlət vətəndaşın biliyini imtahanla təsdiqləyirsə, həmin bilikdən istifadə etmək üçün də ona real imkan yaratmalıdır. Məqsədimiz yalnız imtahan verənlərin sayını artırmaq deyil, savadlı və bacarıqlı insanların dövlət qulluğuna cəlb olunmasına şərait yaratmaqdır”.
Safura Bənnayeva
Globalinfo.az