Əliyevin Türkiyə səfəri: “Texnofest-2023” festivalında iştirak, yoxsa seçkiöncəsi dəstək?..

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir. “Texnofest-2023”-də iştirak edən ölıkə başçısı Türkiyədə prezident seçkilərinə az bir zaman qala bu səfəri gerçəkləşdirməsi diqqət çəkir.

Maraqlıdır, ölkə başçısının Türkiyəyə səfəri seçkiqabağı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dəstək mahiyyəti daşıyır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri heç şübhəsiz texnoloji yenilikləri özündə ehtiva edən “Teknofest” festivalı çərçivəsindədir:

 

İlyas Hüseynov

“Ölkəmizdə də təşkil edilən “Teknofest” festivalına hazırda diqqət olduqca böyükdür. Ölkə başçısı bu festivalı sevir və yaxından izləyir. Lakin səfəri təkcə “Teknofest” festivalı ilə məhdudlaşdırmaq doğru olmaz.

Bildiyiniz kimi, qarşıdan Türkiyədə prezident və parlament seçkiləri gəlir. Cənab Prezidentin bu səfəri həm də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana seçkiqabağı marafonda dəstək mahiyyəti daşıyır.

Ədoğanın indiki mərhələdə qələbə qazanması rəsmi Bakının da maraqlarına uyğundur. Prinsip etibarilə cənab Ərdoğan 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə istər siyasi, istərsə də diplomatik mənada dəstək oldu. Azərbaycanın haqq işində təzyiq etmək istəyən ölkələrə qarşı siyasi cavab vermişdir.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında da Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyi önəmlidir. Hesab edirəm bu səfər iki ölkə münasibətlərinin inkişafı və seçkiöncəsi Rəcəb Tayyib Ərdoğana dəstək mahiyyəti daşıyır”.

Turan Rzayev
Globalinfo.az