“Belə şəraitdə avtomobildən istifadə etməmək daha məqbuldur. Hər bir halda təhlükə adi günlərlə müqayisədə qat-qat yüksəkdir. Maddi ziyana düşmək, xəsarət almaq ehtimalı böyükdür. Unutmayın ki, indiki şəraitdə təhlükəsizlik hər kəsin özündən çox, ətrafdakıların davranışından asılıdır. Avtomobilinizdə qış üçün, qar-buz üçün təkər yoxdursa, onu tərpətməyin”.
Globalinfo.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.
O bildirib ki, hətta qar-buz üçün olan təkər də sürüşür:
“Qarda-buzda sürmə təcrübəniz yoxdursa, avtomobillə yola çıxmayın. Unutmayın, ən mükəmməl təchizatı olan avtomobil də uyğun təcrübəsi olmayan sürücünün əlində heç nəyə yaramaya bilər.
Nəzərə alın ki, ən tez donan və buzu gec açılan yerlər körpülərin üstü və külək döyən ərazilərdir. Həmin yerlərdə çox diqqətli olun.
Piyadalara qarşı həmişəkindən daha diqqətli davranın, çünki onlar da rahat hərəkət edə bilmirlər, hətta hərəkət hissəsində, piyada keçidində anidən yıxıla bilərlər.
Proqnozlar göstərir ki, gün ərzində ölkənin əksər yerlərində, o cümlədən Abşeronda qar yağmaqda davam edəcək. Ona görə də indiki saatlarda və günorta vaxtı yolları boş görüb avtomobillə yola çıxmayın. Çalışın, bu günü avtomobilsiz keçirin. Çünki axşama doğru yollarda qar kütləsinin və buzlaşmanın artması gözlənilir. Gündüz yola rahat çıxsanız da, axşam evə qayıtmağınız çox ciddi problem ola bilər, uzunmüddətli tıxacda qala bilərsiniz. Bunu hər kəsin nəzərə almasını rica edirəm”.
Zaira Akifqızı
Globalinfo.az