Separatçılar qəfil hücuma keçdi – Bakıdan sərt cavab: Nə baş verir? BİZİM ŞƏRH

“Dağlıq Qarabağ Respublikası”nın buraxılması haqqında fərman artıq yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə dekabrın 22-də “prezidentin” müşaviri Vladimir Qriqoryan “Azadlıq Radiosu”nun Ermənistan xidmətinə bildirib.

Onun sözlərinə görə, buna əsas “prezidentin” 19 oktyabr tarixli, bütün “hökumət, parlament üzvlərinin, Təhlükəsizlik Şurası katibinin, hüquq-mühafizə orqanlarının, Stepanakert merinin və inzibati rayon başçılarının ictimai əsaslarla öz vəzifələrində qalması” haqqında “fərmanıdır”.

Şahramanyanın “fərmanında” həmçinin deyilir ki, 1 oktyabr 2023-cü il tarixindən sonra “DQR”in adından verilən sənədlər etibarlıdır. Rəsmi İrəvan hələlik bu bəyanatlarla bağlı şərh verməyib. Görünən odur ki, Ermənistana qaçmağı bacaran bir qrup separatçı çoxdan məhv edilən və tarixə qovuşan  qondarma rejimi yenidən bərpa etməyə səy göstərir. Ancaq bunun heç bir nəticəsinin olmayacağı gün kimi aydındır.

Qriqoryanın bu cür  sərsəm fikirlərinə Qərbi Azərbaycan İcmasından reaksiya gəlib. Belə ki, İcma Qarabağdakı keçmiş qanunsuz rejimin qondarma qurumu “dirçəltməyə”çalışmaları ilə bağlı bəyanat yayıb.

İcmanın bəyanatında qeyd olunur:

“Özünü “dağlıq qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə”çalışmaları haqqında məlumat yayılmışdır.

Qərbi Azərbaycan İcmasının ünvanı – Novator.az

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir”.

Xatırladaq ki, 2023-cü ilin sonuna qədər “DQR”in və onun bütün strukturlarının buraxılması Şahramanyanın məsuliyyətdən azad edilməsinin və Qarabağı sərbəst şəkildə tərk etməsinin şərtlərindən biri idi.

Globalinfo.az bildirir ki, Ermənistana qaçmış separatçılar son günlər fəallaşıblar. Samvel Babayan və Samvel Şahramanyan ötən günlərdə müxtəlif bəyanatlar verdilər. S.Babayan rəsmi İrəvandan Azərbaycanla danışıqlara icazə istəmişdi. O, həmçinin sülh sazişinin bağlanmasına qarşı çıxdığını ifadə etmişdi. Bildirmişdi ki, sülh bağlansa da 20-25 il sonra onun nəvələri yenə müharibədə öləcək.

Buradan çıxan nəticə belədir ki, separatçıları hərəkətə gətirən başqa qüvvələr var. O qüvvələr Ermənistan hakimiyyətini sülh prosesindən yayındırmaq üçün bu cür rıçaqlardan istifadə etməyə çalışırlar. Xatırladaq ki, rəsmi Bakı son günlər ən müxtəlif platformalarda bildirir ki, sülh prosesi ilə bağlı Azərbaycanla Ermənistan arasında ciddi anlaşmalar var. Buna misal kimi dekabrın 7-də iki ölkənin yaydığı birgə bəyanatı göstərə bilərik.

Bu faktorlardan sonra separatçıların fəallaşması, “”DQR” ləğv edilməyib” bəyanatı yaymaları təsadüf deyil. Bunun arxasında məkrli qüvvələrin olduğu şübhəsizdir. Bu yolla Ermənistanı Azərbaycanla və Türkiyə ilə normallaşma prosesindən çəkindirməyə çalışırlar. Ən əsas da Cənubi Qafqazda son 3 aydır yaranmış sabitliyi pozmaq məqsədi güdürlər.

Azərbaycan dövləti bu tendensiyanın qarşısını almaq qüdrətinə malikdir. Separatçıların sonuncu tör-töküntülərinin çırpıntıları da bir bəhrə verməyəcək.

Aydın Aslan
Globalinfo.az