Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Somali arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il müddətində, xüsusilə son illər ərzində ölkələrimiz arasında təmasların artmasının əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığını diqqətə çatdırıb. Azərbaycan və Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb.
Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu, bu istiqamətdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. Somalinin 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində beynəlxalq sülh və təhlükəsizlik səylərinin tərəfimizdən dəstəklənəcəyi ifadə olunub. Bununla yanaşı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin təhsil təqaüd proqramlarından Somalinin faydalana biləcəyi diqqətə çatdırılıb.
Ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Somali ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Qoşulmama Hərəkatı sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizin gücləndirilməsinə töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, əməkdaşlığın inkişafının prioritetlərimizdən biri olduğunu və bu istiqamətdə ölkəmizin Afrika İttifaqı Komissiyası münasibətlərinin genişləndirilməsi niyyətində olduğu bildirilib.
Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə son inkişaflar, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri və sülh prosesinin qarşısında duran çağırışlar barədə ətraflı məlumatlandırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla xatırlanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatla çıxış ediblər.
***12:14
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə geniş tərkibdə görüşüb.
Globalinfo.az xəbər verir ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Onlar əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və s. potensialından istifadə mexanizmləri barədə fikir mübadiləsi aparıb, BMT, Qoşulmama Hərəkatı, İƏT daxilindəki əməkdaşlıq barədə danışıblar.
Qeyd olunub ki, COP29-a sədrlik Azərbaycanın mühüm fəaliyyət platformalarından biridir.
Görüş zamanı, həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.
11:58
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi Əhməd arasında təkbətək görüşü başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN “X” platformasında paylaşımında bildirilib.
Xatırladaq ki, bu gün Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi ölkəmizə səfərə gəlib.
X X X
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalidən olan həmkarı Əhməd Moallim Fiqi ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Ə.M.Fiqi Azərbaycanda rəsmi səfərdədir.
Tərəflər arasında keçirilən ikitərəfli görüşdən sonra onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.