Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.
Görüşdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
X X X
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın müxtəlif aspektləri, habelə cari regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Macarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, əməkdaşlıq gündəliyinin genişləndirilməsi və perspektivlərinin müzakirəsində qarşılıqlı təmaslar və səfərlərin əhəmiyyətini vurğulayıb.
Macarıstanın xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə daimi dəstəyi minnətdarlıqla xatırlanıb.
İki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın inkişafı, həyata keçirilən birgə layihələrin uğurlu icrasının əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
X X X
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional vəziyyət müzakirə edilib.
Nazir həmkarını post-münaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.
Bölgədə sülhün alternativinin olmadığı, Ermənistan tərəfinin təxribatçı addımlardan çəkinəcəyinə ümidvar olduğumuz nazir tərəfindən vurğulanıb.
Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***13:35
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.
Globalinfo.az xəbər verir ki, iclası giriş sözü ilə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski açıb.
***08:50
Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Globalinfo.az-a XİN-dən məlumat verilib.
Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.