Ceyhun Bayramov BMT baş katibinin müavini ilə görüşdü – FOTO / YENİLƏNİB

BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib. Görüş zamanı birgə təşəbbüslər, layihələr, Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında gələcək əməkdaşlıq, regiondakı vəziyyət müzakirə olunub”, – paylaşımda qeyd olunub.

***

22 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İgli Hasani ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib. Son dövrlərdə iki ölkə arasında yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin intensivliyindən məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, habelə Azərbaycanın Qarabağ regionunda lokal antiterror tədbirlərini şərtləndirən səbəblər, Azərbaycan Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində erməni əhalinin reinteqrasiyası istiqamətində atılmış addımlar barədə məlumatlandırıb.

Görüşdə Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi səylərinə baxmayaraq Ermənistan və onun ərazilərimizdə qurduğu qondarma rejimin təhrikçi və təxribatçı əməllərinin bölgədə gərginliyə səbəb olduğu vurğulanıb. Azərbaycan tərəfindən görülən tədbirlərin Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək, erməni silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ərazilərimizdən çıxarmaq məqsədi daşıdığı və bunun suveren ərazilərimizdə təhlükəsizliyi qorumaq məqsədilə beynəlxalq hüquq və Konstitusiyamızdan irəli gələn hüquqlara tamamilə uyğun olduğu bildirilib.

Bu gün bölgədə Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına tarixi bir imkanın yarandığını diqqətə çatdıran nazir Ceyhun Bayramov Yevlaxda keçirilmiş görüşün müsbət nəticələr gətirəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər həmçinin iki ölkə arasında gündəlikdə duran enerji, ticari, iqtisadi məsələlər, habelə mövcud sərmayə imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqanda Respublikasının vitse-prezidenti Cessika Alupo ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin son dövrlərdə, xüsusilə Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə Uqanda ilə təmaslarının artdığını qeyd edərək, bundan sonra da QH Üçlüyü çərçivəsində aktiv əməkdaşlıq etmək niyyətində olduğumuzu bildirib, Hərəkatın gələcək Uqanda sədrliyinə uğurlar arzu edib.

Müxtəlif sahələrdə təcrübə mübadiləsinin münasibətlərin, o cümlədən ölkələrimizin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, Uqandanın Hoima şəhərində Azərbaycanın ASAN xidmət modeli əsasında yaradılmış vətəndaşlara xidmət mərkəzinin açılmasının bunun bariz nümunəsi olduğunu qeyd edib.

Vitse-prezident Cessika Alupo Azərbaycanın QH-yə sədrliyi dövründə Hərəkatın dirçəldilməsi, nüfuzunun artırılması istiqamətində səylərin təqdirəlayiq olduğunu, bu xüsusda mövcud bu uğurlu təcrübənin növbəti illərdə davam etdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.