Bu ölkədə skuterlərin kirayəsi qadağan edilir

Parisdə elektrikli skuterlərin kirayəsinin qadağan edilməsi ilə bağlı səsvemə keçirilib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Paris Bələdiyyəsinin təşəbbüsü ilə keçirilən seçkilərdə şəhərin seçici siyahısında olan 1,3 milyon nəfərdən 103 mindən çoxu iştirak edib.

Onlardan 91 min 300-dən çoxu skuterlərin əleyhinə səs verib.

Rəsmi nəticələrə görə, səslərin demək olar ki, 90 faizi batareya ilə işləyən cihazların qadağan edilməsinin lehinə olub.

Seçkilərin keçirilməsinə səbəb Fransa paytaxtında elektrikli skuterlərdə yaralanan və ölənlərin sayının artması olub. Paris elektrikli nəqliyyat vasitələrinin istifadəsinə üstünlük verən ilk şəhərlərdən olsa da, tənqidçilər skuterlərin xeyirdən çox zərər verdiyini iddia edirlər.

Qeyd edilir ki, skuter sürənlər, ümumiyyətlə, dəbilqə taxmırlar və 12 yaşlı uşaqlar qanuni olaraq elektrikli skuterləri kirayə götürə bilirlər.

Həmçinin park edilmiş elektrikli skuterlərin səkiləri zəbt etməsi də narazılıqlara səbəb olub.