Ermənistanın suverenliyi üçün ciddi risklər var – Zaxarova

“İrəvanın hazırkı siyasi kursunu davam etdirməsi müttəfiqlik münasibətlərimizə ziyan vura bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi KTMT-nin müşahidə missiyasının ölkə ərazisində yerləşdirilməsi ilə razılaşsa, rəsmi İrəvanın bu gün üzləşdiyi risklərin bir çoxu azalacaq.

“Ermənistan rəhbərliyi “KTMT”ni təhqir etməyə, aşağılamağa çalışır. Ancaq  Ermənistanın sərhədlərini qorumayan, monitorinq adı altında kəşfiyyat məlumatları toplayan Aİ missiyasını ölkəyə dəvət edir. Avropa İttifaqının missiyası isə təkcə Rusiyaya yox, Azərbaycan və İrana qarşı da kəşfiyyat məlumatları toplayır”.

Zaxarovanın sözlərinə görə, İrəvanın hazırkı kursunu davam etdirməsi son nəticədə Rusiya ilə müttəfiqlik münasibətlərinə ziyan vura, Ermənistanın suverenliyi üçün ciddi risklər yarada bilər.

“Biz İrəvanla bütün aktual məsələlərdə, o cümlədən KTMT çərçivəsində dialoqa hazırıq. Qarşılıqlı hörmət əsasında dialoq aparmaq, ən əsası isə müvafiq problemləri həll etmək üçün mövcud vasitələrdən yararlanmaq lazımdır. Əgər söhbət KTMT çərçivəsində danışıqlardan gedirsə, bununla təşkilat daxilində ekspertlər məşğul olmalıdır. Əgər söhbət ikitərəfli münasibətlərdən gedirsə, o zaman ikitərəfli kanallar vasitəsi ilə aramızdakı problemli məsələlərin aydınlaşdırılması ilə məşğul ola bilərik”, – Zaxarova vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az