“Boney M” qrupunun yaradıcısı vəfat etdi – FOTO

Bəstəkar, musiqiçi, “Boney M.” qrupunun yaradıcısı Frank Farian (əsl adı Frans Royter) vəfat edib.

Globalinfo.az xəbər verir ki, o bu gün 83 yaşında Mayamidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, bəstəkar 1961-ci ildə “Frankie Farian und die Schatten” qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb.

Frank Farian 1970-80-ci illərin qovşağında şöhrətinin zirvəsini yaşayıb. Almaniyalı musiqiçi daha çox 1975-ci ildə “Boney M.” qrupunu yaratması ilə məşhurdur. Fasilələrlə “Boney M.” qrupu bu günə qədər fəaliyyət göstərir.

Frank Farian albomları 800 milyondan çox nüsxədə satılıb.

Xatırladaq ki, o, “Rasputin” və “Daddy Cool” kimi “Boney M” qrupunun hitlərinin müəllifidir.