Rus general İrəvanı hədələdi: “Yeni münaqişə başlayacaq”

“Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması iki ölkə arasında gərginliyin artmasına səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü general-polkovnik Viktor Bondarev deyib.

O, jurnalistlərə açıqlamasında bu məsələni İrəvanın Moskvaya qarşı ilk böyük qeyri-dost addımı adlandırıb və Ermənistanın təhlükəli yolda olduğunu bildirib:

“Ermənistan Cənubi Qafqazı gərginlik və münaqişələr regionuna çevirmək yolu ilə gedir. Bu onu göstərir ki, artıq bizi İrəvanda əvvəlki kimi qarşılamırlar. Ermənistan KTMT-nin əsaslarından kənara çıxır. Bunun səbəbi isə onlara parlaq Avropa gələcəyi vəd edən Qərb dairələrinin təsiridir.

Hazırkı vəziyyət region üçün təhlükəlidir və Rusiya bunu istəmir. Erməni tərəfi yüz ölçüb, bir biçməlidir. Rus sərhədçiləri regionda təhlükəsizliyi təmin edir. Bunlar təhlükəli siyasi oyunlardır. Ermənilərin rifahı və sabitliyi naminə mən İrəvan hakimiyyətinə yenidən düşünməyi tövsiyə edirəm”.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanından çıxarılması üçün Moskvaya rəsmi müraciət ünvanlandığını açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az