Bayden BMT-də çıxışında diqqəti Ukrayna, ərzaq təhlükəsizliyi və qlobal səhiyyəyə yönəldib

Çərşənbə günü səhər Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən Prezident Co Bayden ABŞ-ın qlobal ərzaq təhlükəsizliyini gücləndirmək, QİÇS və digər pandemiyalarla mübarizə üçün Qlobal Fondu artırmaq, təchizat zənciri problemlərini və iqlim böhranını həll etməklə bağlı səyləri vurğulayıb.

“Rusiya BMT Nizamnaməsinin əsas prinsiplərini utanmadan pozdu. Ölkələrin qonşusunun ərazisini güc yolu ilə işğal etməsinə qarşı açıq-aşkar qadağadan daha vacib heç nə yoxdur,” Bayden Ukraynaya müdaxilə ilə bağlı bildirib.

“Birləşmiş Ştatlar Ukraynaya yüksək səviyyədə təhlükəsizlik, humanitar yardım və birbaşa iqtisadi dəstək verib. Bu günə qədər bu, 25 milyard dollardan çoxdur. Dünyadakı müttəfiqlərimiz və tərəfdaşlarımız da bunu edib,” Bayden qeyd edib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild cümə günü deyib ki, liderlər Ukraynaya diqqət yetirsələr də, məsələ toplantıda üstünlük təşkil etməyəcək.

“Biz bilirik ki, Ukraynada dəhşətli müharibə tüğyan edir, biz dünyanın qalan hissəsinə göz yuma bilmərik. Başqa yerlərdə də münaqişələr var”, o, jurnalistlərə bildirib.

Qrinfild Baş Assambleyada ABŞ-ın üç prioritetini qeyd edib: qlobal ərzaq təhlükəsizliyinin aradan qaldırılması; qlobal səhiyyə və qlobal səhiyyə təhlükəsizliyinin inkişafı; BMT Nizamnaməsinə riayət olunması və Birləşmiş Millətlər Təşkilatının gələcəyinin formalaşdırılması.

“Biz inanırıq ki, bu, Birləşmiş Millətlər Təşkilatını müdafiə etmək və onun hələ də dünyanın ən aktual qlobal problemlərini həll edə biləcəyini dünyaya nümayiş etdirməyin vaxtıdır” – deyə o qeyd edib.

Müşahidəçilər deyir ki, Bayden ABŞ və Avropa müttəfiqlərinin Ukraynanı dəstəkləmək və Rusiyanı təcrid etmək kimi maraqlarını dünyanın qalan hissəsinin üzləşdiyi çoxsaylı problemlərlə balanslaşdırmağa çalışacaq.

“ABŞ və onun müttəfiqləri qeyri-Qərb ölkələrini inandırmağa çalışacaqlar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə çox güclü diqqət yetirilsə də, Qərb qlobal ərzaq böhranı və onun qlobal tənəzzülə çevrilməsi, bunun inkişaf etməkdə olan dünya üçün nəticələri ilə maraqlanır”, BMT Beynəlxalq Böhran Qrupunun direktoru Riçard Qovan Amerikanın Səsinə bildirib.

Qovan Rusiyanın Ukraynaya təcavüzünün ilkin mərhələsində Qərb diplomatlarının Afrika və Asiyadan olan həmkarlarından Ukraynaya dəstək tələb etdiklərini, lakin onların ərzaq təhlükəsizliyi və bu müharibə ilə bağlı iqtisadi sarsıntılarla bağlı narahatlıqlarını dinləmədiklərini deyib. (Amerikanın Səsi)