bar

Barselona metrosunda qatarda baş verən yanğın nəticəsində azı 137 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlər polis əməkdaşları ilə birlikdə sərnişinləri qatardan təxliyə edərək alovun kiçik ocağını qısa müddətdə söndürüblər.

Təcili tibbi yardım briqadaları 137 nəfərə yardım göstərib.

Onlardan 39-u yüngül və orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ötən axşam “Clot” və “Glòries” metro stansiyaları arasında baş verib.

Qatarın maşinisti təxminən 50 metr məsafədən alovu görərək təcili əyləc tətbiq edib və dərhal fövqəladə xidmətlərə məlumat verib:

“Belə hallarda sərnişinlərə yanğınsöndürənlərin gəlməsini gözləmək tövsiyə olunsa da, vaqonları bürüyən sıx tüstü nəfəs almağı mümkünsüz edib. Nəticədə sərnişinlər qapıları açaraq tunellə təhlükəsiz əraziyə qaçıblar. Yanğın baş verən anda qatarda və metroda ümumilikdə təxminən 300 nəfər olub”.

Hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə metronun zərər çəkmiş xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: