Banklarda kredit faizi azaldılır? – Yeni qərar

“Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25 faiz dəhlizinin aşağı həddi 6.25 faiz, yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

O, qərarın bu gündən qüvvəyə mindiyini bildirib:

“Uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır. 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dan 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ilin əvvəlində eyni yanaşma davam etdirilsə də porses artıq stabilləşmə fazasına daxil olub. Makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi bu qərara zəmin yaratsa da inflyasiya proqnozunun hədəf diapazonu daxilində yenilənməsi manatın nominal effektiv məzənnəsinin tempi və tənzimlənən qiymətlərdə dəyişikliklərlə bağlıdır. Bu isə illik inflyasiya dərəcəsinin hədəf diapazonu daxilində olmasına imkan yaratsa belə göstəricidə dəyişikliklərə səbəb ola bilər”.

V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir edəcəyidir:

“Uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı sualı verilir. Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu, heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir”.

Onun sözlərinə görə, son aylar depozit faizlərində də artımlar davam edir:

“Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 10.0 faizlə qəbul edirlər. Bir müddət öncə isə orta hesabla 6.0 faiz təklif olunurdu. Kredit faizlərində artımların olmaması üçün uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az