
Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə “Lyuk”a düşən kişinin kimliyi məlum olub.
Globalinfo.az xəbər verir ki, ehtimal olunur ki, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və onun ayağı sürüşüb.
Ərazidə işləyənlər isə bildirir ki, kanalizasiya quyusu illərdir bu küçədədir.
İtkin düşən gəncin yaxınları deyir ki, Cümşüd Cümşüdlü srağagün axşam saatlarında evdə olub. Ona zəng gəlib və marketə düşmək adı ilə evdən çıxıb. Ondan sonra Cümşüddən xəbər ala bilməyib polisə müraciət ediblər.
Qeyd edək ki, hadisənin iyunun 26-sı baş verdiyi bilinir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşərək köməksiz vəziyyətdə qalan şəxsin axtarışları davam edir.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.