Qar, şaxta, tufan – Azərbaycanda gözlənilən hava haqda AÇIQLAMA

Əksər ölkələrdə, eləcə də şimal qonşumuz Rusiyada anomal hava şəraiti hökm sürür. Belə ki, orada son yüz ilin payız ayları üçün rekord aşağı temperatur qeydə alınıb. Bakıda isə havanın temperaturu 21 dərəcəyədək yüksəlir. Maraqlıdır, bəs Bakıda qar yağma ehtimalı varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyev deyib ki, elm də iqlim dəyişmələrinin baş verdiyini sübut edir.

O bildirib ki, bu cür hava şəraiti daha əvvəllər də müşahidə olunub:

“Son dövrün hadisələri onu göstərir ki, doğrudan da iqlim dəyişikliyi baş verir. Ona görə də, hələ belə hava dəyişmələri çox olacaq. Ola bilər ki, qışın ortasında 20-30 dərəcə isti olsun. Bu o demək deyil ki, bütün günü, həftəni ayı və ya ili belə olacaq. Konkret proqnoz vermək çətindir. Hətta hidrometeorologiya da hava proqnozunu verərkən çətinlik çəkirlər”.

İqlimşünasın fikrincə, cərəyanların küləyi hara apardığını, haradan gətirəcəyini müşahidə etmək çətindir:

“Əlbəttə, qışda Bakıya da olmasa, Azərbaycanın başqa bölgələrinə qar yağacaq.  Bu, təbiət hadisəsidir. Yəqin ki, hava cərayanı cənubdan gəlib deyə temperatur yüksəlib. İndi külək şimal tərəfdən əsir, bəzi rayonlarımıza qar yağıb. Həmin soyuq gəlib Bakıya da çatmalıdır. Amma necə olacağını Allah bilir. Daha əvvəllər də noyabr-dekabr aylarında yüksək hava temperaturu müşahidə edilib. Narahat olmağa səbəb yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az