Bakıda “yeraltı cəhənnəm”: sakinlər “cənnət”ə nə vaxt qovuşacaq?

Son günlər Bakı şəhərində havanın temperaturunun kəskin artmasına baxmayaraq, paytaxt sakinləri qatarlarda kondisionerlərin işləmədiyindən gileylənirlər. Maraqlıdır, doğrudanmı yayın istisində qatarlarda kondisionerlər işləmir? Əgər işləmirsə, o zaman yeni vaqonların alınması nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Globalinfo.az Bakı Metropoliteni QSC-yə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, köhnə nəsil qatarlarda kondisionerləşdirmə sistemi yoxdur:

“Vaqonların yenilənməsinə gəldikdə isə yalnız onların istismar müddəti başa çatdıqdan sonra və ya yeni stansiyalar inşa olunduqda, zərurət yaranacağı təqdirdə yeni qatar alına bilər.

2015-ci ildən bu yana yalnız kondisionerli qatarlar alınır. Bunlar isə köhnə qatarların istismar müddəti başa çatdıqdan sonra onların əvəzində alınıb. Köhnə vaqonların istismar müddəti bitdikdən sonra yeni qatarlar almaq mümkün olacaq”.

Qurumdan deyilib ki, bu il planda yeni qatarlar almaq yoxdur:

“Çünki hazırda istismar müddətini başa vuran qatar yoxdur. Amma gələcək illər üçün təbii ki, planlar var və alınacaq qatarlar kondisioner sistemi ilə təhciz edilmiş olacaq. Bundan başqa, Bakının iqlim şəraiti nəzərə alınmaqla həmin kondisioner sisteminin quruluşu, funksionallığı nəzərə alınır.

Qeyd edim ki, havanın temperaturunun yüksək olması ilə əlaqədar artıq 3 gündür ki, bizim şöbə günün bütün saatları ərzində ciddi monitorinqlər aparır”.

Zaira Akifqızı
Globalinfo.az