Azərbaycanın sensasion planı: Qarabağ əməliyyatı başlayır – Yeni konfiqurasiya

Siyasət ağıl, təcrübə və təmkin işidir. Ağılla qərar verirsən, təcrübə ilə hərəkət edirsən, təmkinlə gözləyirsən. Nəticə mütləq olacaq. Amma gərək şansın da olsun. Daha dəqiqi, gördüyün işə Allah yardım etsin.

Azərbaycan böyük bir prosesdə növbəti qələbəsini qazandı. Avqustun 16-da Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclası nəticəsiz başa çatdı. Bu, əsla heç-heçə kimi qəbul edilə bilməz. Nəticəsiz başa çatan iclas əslində Azərbaycanın diplomatik qələbəsidir. BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi – iştirakı ilə təşkil edilən iclasda heç bir qətnamə, bəyanat qəbul edilməsə də yekun bizim xeyrimizə oldu. Ermənistan isə dünyada rəzil duruma düşdü.

Xaricdə və daxildə əlini əlinə sürtüb Azərbaycanın məğlubiyyətini istəyən dəstələr var idi. Ermənilər kimi onlar da əzik durumdadırlar. Növbəti dəfə xəyalları suya düşdü.

Buralara asan gəlinmədi. Azərbaycan son 20 ildə hazırkı nəticəni əldə etmək üçün var gücü ilə çalışdı. Beynəlxalq müstəvidə ciddi təşkilati işlər aparıldı. Dünya siyasətinin yönunu müəyyən edən dövlətlərlə yaxınlaşdı, anlaşdı. Sistemli siyasət, dayanıqlı əməkdaşlıq, ağıllı gedişlər nəticəsiz qalmadı.

Təhlükəsizlik Şurasının iclası bizə antiterror əməliyyatları keçirmək üçün yeni əsaslar verir. Necə ki BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr bizə 2020-ci ildə torpaqları işğaldan azad etdikdə hüquqi və legitim əsaslar yaratdı, dünyanın heç bir dövləti Azərbaycanı müharibə apardığı üçün qınamadı, hərbi əməliyyatları dayandırmağımızı tələb etmədi, 16 avqust tarixindəki iclas da antiterror əməliyyatlarının legitimliyinə şübhə yaratmayacaq gücdədir.

Azərbaycan dövləti Qarabağdakı dinc erməniləri separatçı, quldur ermənilərdən xilas etmək üçün dəfələrlə çağırışlar edib. Həm dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, həm də ermənilərin özlərinə müraciətlər olub. Prezident İlham Əliyev hətta deyib ki, təslim olsalar, separatçıları da əfv edər.

Separatçılar isə təslim olmaq əvəzinə silahlanır. Azərbaycanı təhdid edirlər. Son günlər Qarabağda səngər qazırlar, mina basdırırlar, silahlanırlar, əslində isə özlərinə qəbir qazırlar. Bütün bu qanunsuz davranışların cavabını alacaqlar.

Azərbaycan ərazi bütövlüyünü tam təmin edib, yeni mərhələyə başlamaq üzrədir. Xankəndi, Xocalı və digər işğaldakı ərazilər Azərbaycanın yurisdiksiyasına qaytarılacaq. Ardından Zəngəzur dəhlizi açılacaq. Sərhədlərin müyyənləşdirilməsi prosesi başa çatdırılacaq. Delmitasiya, demarkasiya işləri yekunlaşacaq. Bu, təkcə bizim istəyimiz və iradəmizlə baş tutmayacaq. Sadaladıqlarım dünya güclərinin də iradəsində və planında olan məsələdir. Azərbaycan qlobal güclərin böyük bir layihəsində önəmli rol alan ölkədir. Yeni dünya düzəni Qarabağ məsələsinin kökündən həllini tələb edir. 44 günlük müharibənin başlaması, davam etməsi, miqyası və yekunu zatən hər şeyi açıb ortaya qoyur.

Prezident İlham Əliyev böyük əzm və zəhmətlə ölkəsini əlverişli mövqeyə çıxararaq qlobal güc mərkəzlərinin diqqətini bir məsələyə cəlb edə bildi. Onlara başa saldı ki, yeni projeləri uğurla həll etmək üçün Qarabağ mütləq işğaldan azad edilməlidir. Cənubi Qafqazda sülh, əmin-amanlıq olmalıdır. Azərbaycan qüdrətli dövlət halına gətirilməlidir. Bu iş yarımçıq qala bilməz. Bəzi ölkələrin israrı və cığallığı bu möhtəşəm layihəni ləngidə bilər, amma aradan qaldırmaq gücündə olması ağlabatan görünmür.

2020-ci ilin oktyabr ayında yazırdıq ki, Şuşa azad ediləcək, Azərbaycan ərazi bütövlüyü təmin olunacaq. Fikrimizi bu cür əsaslandırırdıq ki, beynəlxalq birliyin masasında yeni konfiqurasiya var. Bölgənin xəritəsi dəyişir. Bu dəyişiklikdə şans Azərbaycandan yanadır. Bunun nəticəsində ölkəmiz böyüyəcək, bütövləşəcək. Ardınca yazmışdıq ki, hədəf Zəngəzur – Quzey Azərbaycanın bərpasıdır. Bunları yazanda hələ Zəngəzur dəhlizinin söhbəti getmirdi. Özümüzü Nostradamus falan hesab etmirik. Sadəcə proseslərə ağılla, məntiqlə və qərəzsiz baxdıqda, bunları görmək olurdu.

O vaxtlar bu cür fikirlər maraq və təbəssüm yaradırdı. Çox adam gülüb keçirdi. Müharibədən sonra çoxları deyəndə ki, niyə Xocalı, Xankəndi azad edilmədi, deyirdik, o gün də gələcək. Budur, o xəyallarımız da gerçək olur. Ermənistan, separatçılar nə etsələr belə xeyri olmayacaq – Xankəndidə, Xocalıda Azərbaycan bayrağı dalğalanacaq, qanunlarımız işləyəcək.

İndi aydın olurmu BMT-də Ermənistanın xeyrinə niyə qətnamə çıxarılmadı? Nəhəng dünya güclərinin bizi sona qədər müdafiə etmələrinin sirri açılırmı?

Azərbaycan dünyanın açar ölkəsi, vazkeçilməz coğrafiyası statusuna gəlib. Vətənimiz böyük layihələrin icra olunduğu mərkəzə çevrilib. Azərbaycan nəinki yeni Turanın açarıdır, yeni dünyanın kilid ölkəsidir.

Azər Ayxan
Globalinfo.az