Azərbaycan yeni müharibəyə hazır olmalıdır – Həlledici an yaxınlaşır

ABŞ-ın cənub qonşumuz İrana hücum edəcəyi ilə bağlı xəbərlər intensivləşməkdədir. İsrailə qarşı vuruşan qüvvələrin başında əsasən İranın olduğu bildirilir. Bu səbəbdən İsrail Vaşinqtonu İranla müharibəyə məcbur edir. 

Maraqlıdır, İrana hücum olarsa, Azərbaycanda nə baş verər? Ümumiyyətlə, ABŞ-İran toqquşması ilə bağlı Azərbaycan nə kimi hazırlıqlar görməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İranda baş verən istənilən ciddi hadisələr hər şeydən öncə Azərbaycan türklərinin həyatına təsir göstərir.

O, Azərbaycanın Güney Azərbaycan türklərinin varlığına, həyatına laqeyd yanaşmadığını bildirib:

Sədrəddin Soltan

“Bu, hər zaman Azərbaycanı maraqlandıran məsələlərdəndir. Odur ki, ABŞ ilə İran arasında istənilən şəkildə silahlı toqquşma və ya sanksiyalar Azərbaycan türklərinin həyatına təsirsiz ötüşmür. Əgər ehtimal edilən hücum olarsa, mütləq Azərbaycan Respublikasına da təsir edəcək. Heç şübhəsiz ki, gərginlik artacaq”.

S.Soltanın sözlərinə görə, ABŞ-la İran arasında gərginliyin artması, Azərbaycanla İran sərhədində gərginliyin artması deməkdir:

“Bundan başqa, İrandan Azərbaycana köç etmək istəyənlər çoxala, iqtisadi əlaqələrə zərbə dəyə bilər. Azərbaycan tərəfi ilk növbədə İranla sərhəddə təhlükəsizliyi gücləndirməlidir. Əgər toqquşma baş verərsə, o zaman bu müharibədə Azərbaycanın özünü tərəfsiz tutması ilə yanaşı, Güney Azərbaycanda yaşayan türklərin həyatına və təhlükəsizliyinə laqeyd yanaşmayacağı istisna edilmir”.

Zaira Akifqızı
Globalinfo.az